Deputat: Mənə elə gəlir Azərbaycanda fahişəliyi qəsdən yayırlar

“Azərbaycanda fahişəxanalar baş alıb gedir. Otellərdə və digər obyektlərdə əxlaqsızlıqlıq hökm sürür. Hərənin bir himayəçisi var. Burada rus bölməsi neyləsin?”.

Buta.media-nın məlumatına görə, bu sözləri millət vəkili Fazil Mustafa BAKU.WS-ə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, cəmiyyətdə baş verən bütün problemləri rus dili ilə bağlamaq düzgün deyil.

“Əxlaqsızlıq, narkomaniya yayılırsa, bu rus dili bölməsinin günahı deyil. Bölgələrdə tutulan azərbaycanlılar rus bölməsini bitirənlər deyil. Ümumiyyətlə bölgələrdə rus bölməsi yoxdur. Təbii ki, gecə barlarına baş çəkənlər arasında hər bölmədə təhsil alan uşaqlar ola bilər”, - deyə millət vəkili bildirib.

F.Mustafa deyir ki, rus bölməsində təhsil alan insanlar üçün müsbət amillər çoxdur: 

“Rus bölməsində təhsil alan uşaqların mütaliə etməsi artıq olur. Çünki onlar fərqli dil bilgisi əldə edirlər. Bunun da müəyyən avantajı var. Rus və Azərbaycan bölməsində təhsil alan uşaqlar arasında uğurlu təhsil alanları da var”.

F.Mustafa deyir ki, ölkədə təhsilin səviyyəsini qaldırmaq üçün ilk növbədə müəllimin nüfuzunu qaldırmaq lazımdır:

“Müəllimin nüfuzunu da onun aldığı maaşla qaldırmaq lazımdır. Müəllim o vaxt işinə bağlanacaq ki, o, məktəbdə yaxşı məvacib alacaq. Xüsusilə diqqət etmək lazımdır ki, məktəbdə ən yaxşı müəllim direktor vəzifələrinə gətirilsinlər. Belə olan halda həmin şəxs işinə can yandıracaq. Bunlar olmayandan sonra uşaların tərbiyə olunması çətin olur”.

Əxlaqsızlığa gəlincə, F.Mustafa deyir ki, bu gün Bakıda və bölgələrdə geniş yayılıb:

“Fahişəlik bir sosial problemə çevrilib. Hərdən mənə elə gəlir ki, kimlərsə bilərəkdən narkomaniyanı yaydıqları kimi fahişəliyi də elə yayırlar. Çünki burada gəlir var. Eyni zamanda uşaqların bu pis vərdişlərə alışmasına şərait yaradılır.

Bundan başqa, cinsi tərbiyə sıfır vəziyyətindədir. Bu da əxlaqsızlığa açılan yoldur. Uşaqlar bilgisiz olanda, daha çox həmin istiqamətə meyl göstərir. Hansı sahəyə qadağa olursa, uşaq daha çox ora maraq edir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ