Xəbər verdiyimiz kimi, Əməkdar artist Aygün Bəylər ötən gecə vəfat edib. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Sənətçi 48 yaşında Ankarada dünyasını dəyişib.
Əməkdar artist uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat edib. Qeyd olunur ki, müğənni Ankaraya müalicə üçün getmişdi.
Aygün Hümmətova (Bəylər) 22 avqust 1975-ci ildə Bakıda anadan olub. İlk musiqi təhsilini Səttar Bəhlulzadə adına mədəniyyət sarayının musiqi məktəbində nağara sinfi üzrə alıb.
1988-ci ildə yaradılan Azərbaycan Dövlət Uşaq Filarmoniyasına həmin il – 13 yaşında qəbul edilib. Peşəkar səhnəyə ilk gəlişi də elə bu dövrə təsadüf edir.
1995-ci ildə Şövkət Ələkbərova adına ilk peşəkar musiqi kollektivini yaradaraq geniş konsert fəaliyyətinə başlayıb.
1998-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının xanəndəlik fakültəsinə daxil olan Aygün Bəylər görkəmli sənətkarlar Arif Babayev, İslam Rzayev, Ağaxan Abdullayev, Elxan Müzəffərov, eləcədə Alim Qasımovdan dərs alıb.
2002-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzası ilə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür.
2005–2010 illərdə sənətçi dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarının daimi iştirakçısı kimi solo konsertlərlə çıxışlar edib - Fransa, İspaniya, Mərakeş, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yunanıstan, Hollandiya, Almaniya, Cənubi Koreya, İsveç, Danimarka və sairə.
A.Bəylər həmçinin “Qış nağılı. I film” (2002), “Qış Nağılı. II film” (2003) və “Bakı bağları. Buzovna” (2007) filmlərində çəkilib.