Bu il Azərbaycanda istilik mövsümünün başlaması gecikəcəkmi?

“Son günlər Bakıda hava şəraiti sabit keçsə də, istilik mövsümünün başlaması gecikməyəcək”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.

“Artıq noyabrın 1-dən respublikanın 9 dağlıq şəhər və rayonunda (Xaçmaz, Qəbələ, Quba, Qusar, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa) istiliyin verilməsinə başlanılıb. Digər ərazilərdə isə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm ərzində 561 qazanxana fəaliyyət göstərəcək. Ümumilikdə respublika üzrə 3 870 yaşayış binası, 151 səhiyyə müəssisəsi və 2 500-ə yaxın digər obyektlər, o cümlədən Bakıda 175 məktəb, 127 uşaq bağçası, bölgələrdə 110 məktəb, 34 uşaq bağçası mərkəzləşdirilmiş istiliklə təmin ediləcək”, - deyə qurumdan bildirilib

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən noyabrın 1-dən Azərbaycanın 14 dağlıq rayon və şəhərində (Daşkəsən, Gədəbəy, Xaçmaz, Kəlbəcər, Qəbələ, Quba, Qusar, Laçın, Lerik, Şamaxı, Siyəzən, Şabran, Şuşa, Yardımlı), noyabrın 15-dən isə bütün ölkə ərazisində istilik mövsümü başlayır. Qaydalara əsasən, dağlıq rayonlarında istilik mövsümünün 1 may, digər ərazilərdə isə 15 aprel tarixinə qədər davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ