Flora Kərimovanı təhqir edən Afət Fərmanqızı ilə bağlı qərar verildi

Müğənni Afət Fərmanqızı Xalq artisti Flora Kərimovaya 10 min manat ödəyəcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu haqda Nərimanov Rayon Məhkəməsi qərar çıxarıb.

Flora Kərimova Afət Fərmanqızının onu təhqir etdiyini əsas gətirərək qarşı tərəfin üzr istəməsi və dəymiş mənəvi ziyana görə 100 min manat məbləğində təzminat ödəməsini tələb edirdi.

Xalq artistinin vəkili Xavər İsmayılova deyib ki, hakim Aytən Novruzovanın sədrliyi ilə iki ilə yaxın davam edən məhkəmə bu gün yekunlaşıb.

Ekspert rəyləri də Xalq artistinin iddiasının əsaslı olduğunu göstərib, A.Fərmanqızının sosial şəbəkələrdə iddiaçıya münasibətdə dediklərinin şərəf və ləyaqəti ləkələyən sözlər olduğu sübut edilib. Məhkəmə mülki iddianı qismən təmin edib. Qərara əsasən, cavabdeh Afət Fərmanqızıdan 10 min manat tutularaq iddiaçı Flora Kərimovaya ödənilməlidir.

Qeyd edək ki, Flora Kərimova Afət Fərmanqızını xüsusi ittiham qaydasında da məhkəməyə verib. Binəqədi Rayon Məhkəməsi Fərmanqızı haqda həbssiz axtarış qərarı çıxarıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ