“Harri Potter”in tanınmış aktyoru vəfat edib

“Harri Potter” filmlərində professor Albus Dambldor obrazını canlandıran irlandiyalı və britaniyalı aktyor Maykl Qambon 82 yaşında vəfat edib.

Bu barədə “The Guardian” Qambonun ailəsinin bəyanatına istinadən məlumat yayıb.

Maykl Qambon 19 oktyabr 1940-cı ildə Dublində anadan olub. O, teatr aktyoru kimi karyerasına Kral Milli Teatrının səhnəsində çıxış edərək başlayıb. Qambon səkkiz “Harri Potter” filmindən altısında professor Albus Dambldor rolunu ifa edib. Aktyor eyni zamanda “Aşpaz, oğru, onun arvadı və sevgilisi”, “Yuxulu çuxur” və “Qosford parkı” filmlərində, “Maqre”, “Emma” və “Doktor Kim” seriallarında da rol alıb.

Altmış illik karyerası ərzində Qambon üç dəfə nüfuzlu “Laurens Olivier” mükafatını alıb, dörd dəfə (1987, 2000, 2001, 2002) ən yaxşı aktyor kimi “BAFTA TV” mükafatına layiq görülüb, “Emmy”  (2002) və “Qızıl Qlobus” (2003) mükafatlarına namizəd olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ