Zamanında Müşfiqə dəyər verməyən adamlardır - Elza Seyidcahan

“Mən hər zaman tənqidlərə açığam. Mənim üçün tənqiddən çox onu edən şəxs önəmlidir. Bilənlər bir kənara çəkilib müşahidə edir. Ortalığa düşənlər bilməyənlərdir. Ona görə də mən susub izləyirəm”.  

Bunu News24.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.

Əməkdar artist onun Yazıçılar Birliyinə üzv olmasını tənqid edən sosial şəbəkə istifadəçilərinə səslənib:

“Dəfələrlə sosial şəbəkələrdə Füzulinin, Nəsiminin qəzəllərini, Səməd Vurğunun, Mikayıl Müşfiqin şeirlərini paylaşmışam. Müəllifini qeyd etmədiyim üçün səhərə qədər onları söyüb, təhqir ediblər. Sonra yazmışam ki, şeirlər, qəzəllər mənim deyil. Sonra da deyirlər ki, "müəllifi qeyd edərdiniz, haradan bilək, bunu siz yazmamısız". Mən sosial şəbəkələrdə tənqid yazan adamların kim olduğunu çox yaxşı bilirəm. Zamanında Müşfiqə, Füzuliyə, Nəsimiyə dəyər verməyən adamlardır. Mənə dahilər - Anar, Çingiz Abdullayev, Nizami Cəfərov, Çığatel xanım kimi digər nüfuzlu adamlar rəy verdilər. Ona görə də mənim tənqid edənlərə cavab verməyim lazım deyil. Mən ancaq yaza bilərəm. Qələmlərimi itiləmişəm, yazıram, yeni şeirlərimi gözləsinlər. İkinci kitabım da artıq hazırlanır. Onu da deyim ki, mən Birliyə üzv seçiləndən sonra Telli Borçalı yuxu görüb. Görüb ki, Zəlimxan Yaqub qələmindən birini mənə verir. Üzv seçilməyim haqqında vəsiqəni də mənə Səməd Vurğunun otağında təqdim etdilər. Çox xoşbəxtəm. Tərifləyənlər də, tənqid edənlər də sağ olsun. Mənim də fəxri adlarımın ardı gəlsin”.

E.Seyidacahan onu Yazıçılar Birliyinə üzv seçən Anarı tənqid edənlərə də mesaj ünvanlayıb: 

“Onların nə həddinədir ki, Anar müəllimi tənqid edirlər? Onu Allah tərifləyir. Hətta ana bətnindən tərifləyir. Bir şairlə şahın yavəri arasında olan məşhur söhbət var. Şahın yavəri soruşur ki, nə yığırsan? Şair deyir, çör-çöp. Yavər soruşur ki, çör nədir, çöp nədir? Şair də cavabında deyir ki, çöp dik duranlardır, çör yıxılanlar. İndi Anarı təndiq edənlər də yıxılanlar, çörlərdir. Mən onlara ancaq "Get, işinlə məşğul ol" şeirimlə cavab verə bilərəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ