Tovuzda gənc oğlanı öldürüb izi itirmək üçün fermanı yandırıblar

Noyabrın 18-i gecə saatlarında Tovuz rayonunun Aşağı Öysüzlü kəndi ərazisində yerləşən fermaların birində yanğın hadisəsi olması ilə bağlı məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

“Polis əməkdaşları digər qurumların əməkdaşları ilə birlikdə hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. Yanğının qarşısı alınaraq söndürülən zaman hadisə yerindən bir nəfər şəxsin yanmış cəsədi aşkarlanıb.

Polis və prokurorluq əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində meyitin Aşağı Öysüzlü kənd sakini 1998-ci il təvəllüdlü Nicat Məmmədova məxsus olması müəyyən edilib.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində N. Məmmədovu şəxsi münasibətlər zəminində küt alətlə qətlə yetirərək daha sonra izləri itirmək məqsədilə fermanı yandırmaqda şübhəli bilinən rayon sakini 1988-ci il təvəllüdlü Eldar İbrahimov saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - rəsmi məlumatda qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ