Azərbaycana qarşı olub İrana dəstək verən Əli Əliyev kimdir? - Foto

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Gürcüstan üzrə nümayəndəsi 27 ildir ki, dəyişmir. 

“Qafqazinfo” xəbər verir ki, bu vəzifəni 1996-cı ildən bu yana İranda dini təhsil almış Gürcüstan vətəndaşı, Marneuli sakini Əli Əliyev icra edir. 

Bəs İranın dini emisarlarının Gürcüstana gətirilməsi və Gürcüstanda İranyönlü dini təşkilatların təsis edilməsini fəxrlə hər yerdə bildirən bu şəxs kimdir? Məhz Ə.Əliyevin Gürcüstanda QMİ-nin nümayəndəsi olduğu dövrdə, Azərbaycanın öz daxili problemlərinə başının qarışdığı və ərazilərinin işğaldan azad edilməsi üçün mübarizə apardığı vaxt İran dini-siyasi dairələri Gürcüstana nüfuz etmiş, azərbaycanlılar yaşayan bölgələrdə öz maraqlarına uyğun dini təşkilatların yaradılmasına, ayrı-ayrı iranpərəst “din xadimlərinin” yetişdirilməsinə, İranın dini modeli və həyat tərzinin soydaşlarımız arasında yayılmasına, bir çox məscidlərin həmin dairələrin nəzarətinə keçməsinə nail ola bilib. 

Ə.Əliyevin uzun illər QMİ nümayəndəsi kimi Gürcüstan ərazisində Acarıstan da daxil olmaqla bütün müsəlmanların (həm sünni, həm də şiə) məsələlərinin idarə olunmasına cavabdeh olsa da, onun daima öz merkantil maraqlarını güdməsi, xəyanətkarcasına, səriştəsiz, yarıtmaz idarəçiliyi nəticəsində Gürcüstan müsəlmanları arasında narazılığın yaranmasına, QMİ-nin nüfuzunun getdikcə aşağı düşməsinə səbəb olub. Məhz həmin dövrdə Azərbaycandan illərlə Gürcüstandakı müsəlmanlar üçün göndərilən və müəyyən vaxtlarda məbləği aylıq təxminən 20 min ABŞ dollarına çatan maliyyə vəsaitini düzgün bölüşdürməməsi, bəzi məlumatlara görə hətta korrupsiyaya yol verməsi səbəbindən yerli inanclı insanlarda QMİ, Azərbaycana qarşı ikrah hissləri yaranıb.

Bu da faktdır ki, Ə.Əliyevin səriştəsiz fəaliyyəti nəticəsində zəif, amorf, yerli müsəlmanlar arasında nüfuzu olmayan bir quruma çevrilmiş QMİ-nin Gürcüstan nümayəndəliyinə alternativ olaraq, 2011-ci ildə Mixail Saakaşvilinin Gürcüstan prezidenti olduğu dövrdə Bütün Gürcüstan Müsəlmanları İdarəsi adlanan təşkilat yaradılıb. Ə.Əliyev və rəhbərlik etdiyi nümayəndəliyin yerli din xadimləri arasında nüfuzu olmadığından alternativ kimi Bütün Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması və fəaliyyətinə qarşı kütləvi etirazlar olmayıb. 

QMİ nümayəndəsi kimi birbaşa üzərinə düşən vəzifələri yerinə yetirmək əvəzinə Ə.Əliyev QMİ nümayəndəsi qismində statusu ilə bir araya sığmayan fəaliyyətlə məşğul olaraq, Gürcüstandakı ictimai-siyasi, dini proseslərdə iştirak etməklə, müxtəlif siyasi və dini güc mərkəzləri arasında öz aləmində “reveranslar” etməklə özünə “siyasi kapital” yığmağa da cəhdlər edir. Belə ki, Gürcüstanda son parlament seçkiləri öncəsi, 2020-ci ilin avqust ayında Ə.Əliyev əsas müxalifət partiyası olan “Vahid Milli Hərəkat” partiyasının dini məsələlər üzrə müşaviri vəzifəsinə təyin edilib və müvafiq seçkiqabağı təşviqat kampaniyasına qoşulub.

Daha sonra 2021-ci ilin oktyabr ayında yerli özünüidarəetmə orqanlarına seçkilər öncəsi Gürcüstana qayıdan  sabiq prezident Mixail Saakaşvilinin həbsindən sonra Ə.Əliyev yerli azərbaycanlı gəncləri M.Saakaşviliyə dəstək aksiyasına qoşulmağa çağıran müsahibələr, bəyanatlar da verib. Bu siyasi proseslərə qoşulmaqda Ə.Əliyevin yalnız bir məqsədi olub ki, o da Gürcüstanda hakimiyyət dəyişəcəyi təqdirdə Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi vəzifəsinə yiyələnməkdir.

44 günlük Vətən müharibəsində Azərbaycanın qələbəsini həzm edə bilməyən İranın dini-siyasi dairələrinin ölkəmizə qarşı apardığı qərəzli fəaliyyət dövründə, xüsusilə sərhədlərimiz yaxınlığında provokasiya xarakterli hərbi təlimlər keçirildikdən sonra Ə.Əliyev İrana səfərlər edərək orada həmin dairələrlə görüşlər keçirir, onlara yarınmağa çalışır.

2022-ci ilin iyul ayında İranın dini-siyasi dairələrinin tapşırığı ilə Tbilisidə yerli azərbaycanlı uşaq oğlan və qızlardan istifadə etməklə çəkilmiş Azərbaycan dilində “Salam, fərmandeh” (“Salam, komandan”) mahnısının videoklipi Ə.Əliyev tərəfindən elə həmin vaxt öz feysbuk səhifəsində paylaşılıb. İran hakimiyyətinə bağlı mətbuatda fars dilindən bir neçə dilə tərcümə edilmiş sözügedən mahnının “yeni nəslin İran İslam Respublikasını dəstəkləyən xoru” adlandırıldığı bildirilir.

Azərbaycanla münasibətlərin gərginləşməsi fonunda Gürcüstanda soydaşlarımız arasında dini sahədə fəaliyyətini intensivləşdirən İran dini-siyasi dairələri ilə Ə.Əliyev cari ildə də görüşlər keçirərək öz xidmətlərini təklif edib. Belə ki, Ə.Əliyevin cari ilin yanvar ayında Gürcüstanda səfərdə olan İranın “Ümumdünya Əhli-Beyt Assambleyası”nın baş katibi Ayətullah Rza Ramazani ilə təklikdə görüşərək özünü Gürcüstanda “şiə azərbaycanlıların dini lideri” kimi qələmə verdiyi, İrandan maliyyə dəstəyi olacağı təqdirdə Azərbaycanın birdəfəlik Gürcüstandakı dini sahədən qovulması üçün fəaliyyət qurmağa hazır olduğunu bildirdiyi qeyd edilir.

Bu ilin 27 yanvar tarixində İranın dini-siyasi dairələrinin Azərbaycanın Tehrandakı Səfirliyinə qarşı təşkil etdiyi xain terror hücumundan sonra buna qarşı heç bir bəyanat, müsahibə verməyən Ə.Əliyev cari ilin fevral ayında İrandakı “islam inqilabının” ildönümü münasibətilə İranın Gürcüstandakı Səfirliyinin tədbirində, eləcə də həmin səfirliyin digər mərasimlərində iştirak etməklə, eləcə də cari ilin mart ayında İranın növbəti dini emissarı olan ayətullah seyid Mirmahmud Səfəvi Xəlxalinin Gürcüstana səfəri çərçivəsində onu müşayiət edərək yenə də İrana yarınmağa çalışıb.

Məlumata görə, İranın dini-siyasi dairələrindən Gürcüstandakı fəaliyyəti üçün müəyyən həcmdə “pay” alacağı vədindən sonra cari ilin 1 may tarixindən başlayaraq, Ə.Əliyev öz feysbuk səhifəsində artıq birbaşa Azərbaycan əleyhinə, İranın maraqlarına uyğun paylaşımlar etməyə başlayıb.

Qeyd edilməlidir ki, özünü “dahi dini lider”, “qlobal siyasətçi”, “əvəzolunmaz strateq” hesab edən Ə.Əliyev yerli azərbaycanlılar arasında qadınlara xüsusi “həvəsi” ilə tanınır. Hətta bir müddət erməni sevgilisinin olduğu bildirilən Ə.Əliyevin digər azərbaycanlı qadına “pis gözlə baxması” səbəbindən həmin qadının qohumları tərəfindən onun döyüldüyü və uzun müddət Marneuli şəhərində mərkəzi körpüdən şəhərin digər tərəfinə keçməsinin qeyri-rəsmi “qadağan” olunduğu bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ