SOCAR, “AzərGold”, BakTelecom, AzTelekom və ABB səhmləşdiriləcək

Azərbaycanda aparıcı dövlət şirkətlərinin səhmləşdiriləcəyi və səhmlərinin bir hissəsinin satışa çıxarılacağı gözlənilir.

Trend xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Əmlak Məsələləri Dövlət Xidmətinin 2023-cü il ərzində fəaliyyətinə və qarşıda duran vəzifələrə dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il ərzində iri dövlət şirkətlərində, xüsusən SOCAR, “AzərGold” QSC, BakTelecom, AzTelekom və Azərbaycan Beynəlxalq Bankında (ABB) dövlət səhmlərinin bir hissəsinin özəl investorlara satışına dair təkliflər hazırlanacaq.

“Ötən ilin sonunda Azərbaycan Respublikasının Prezidenti “Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, bütün dövlət müəssisələri üzrə təkliflər hazırlayırıq. Söhbət səhmlər paketinin satışından gedir, birbaşa özəlləşdirmədən yox”, - M.Eynullayev deyib.

Onun sözlərinə görə, səhmləşdirmə SOCAR-ın “Azərkimya” İstehsalat Birliyi (İB), Etilen-propilen zavodu, Metanol və Karbamid zavodları kimi strukturları ilə əlaqəli ola bilər.

“Hazırda səhmlərinin 100 faizi dövlətə məxsus olan istehsalat birlikləri və QSC-nin səhmlərinin alışında yerli və xarici investorlar iştirak edə bilər. Dövlətin payları azaldılacaq. Hazırda hər bir QSC və İB üzrə təkliflərin hazırlığı üzrə iş gedir və bu doqquz ay çəkə bilər”, - o deyib.

M.Eynullayev qeyd edib ki, hökumət özəlləşdirmə prosesinə xarici investorları cəlb etməkdə maraqlıdır, lakin onlar üçün torpaq hüququ ilə bağlı məhdudiyyətlər qalmaqda davam edir (yalnız icarəyə götürə bilərlər).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ