Azərbaycanda əhalinin sayı açıqlandı. Ölüm səviyyəsi aşağı düşüb

Əhalinin son siyahıyaalınmasının nəticəsi əsasında 2023-cü il noyabr ayının 1-i vəziyyətinə hesablanmış əhalinin sayı 10 172 823 nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-oktyabr aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 94671 doğulan körpə qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,3-dən 11,2-yə düşüb.

Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Doğulanlardan 2854-ü əkiz, 123-ü üçəm, 4-ü isə dördəm olub.

Eyni zamanda, bu ilin 10 ayında ölkədə 50040 ölüm halı qeydə alınıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,0-dan 5,9-a düşüb.

Bundan əlavə, cari ilin yanvar-oktyabr ayları ərzində 44643 nikah və 17988 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 6,2-dən 5,3-ə düşüb, boşanmaların sayı isə 1,6-dan 2,1-ə qədər artıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ