Qazımız Avropanı yandırır, özümüz isə limitə məhkumuq

“Azərbaycanda 10 ay ərzində abonentlərin 61,2 faizi illik 1 200 kubmetrədək limiti keçməyib. Ölkəmizdə qazın limitinin ləğv olunması Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin səlahiyyətində deyil”.

Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında son günlər qazın limitinin ləğv olunması ilə bağlı təkliflərə münasibətində qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev söyləyib.

Qeyd edək ki, bir neçə gün öncə Azərbaycanda əhali istehlakçı qrupu üzrə təbii qazın pərakəndə satış tarifinin illik istehlaka dair hesablanmasında limitin ləğv olunması təklif olunub. Bu təkliflə deputat Tahir Kərimli Milli Məclisdə bildirib ki, Azərbaycanın kifayət qədər qazı var.

Limit ya ləğv olunmalı, yaxud da artırılmalıdır!

Millət vəkili Fazil Mustafa bildirib ki, Azərbaycanda qaz limiti ya ləğv olunmalı, yaxud da müəyyən qədər yuxarı qaldırılmalıdır.

Çünki, hazırda mövcud olan limiti elə yanvar-fevral aylarına qədər bitirir. Onun sözlərinə görə, insanlar artıq may ayından başlayaraq daha artıq məbləğdə qaz xərclərini ödəyirlər.

“Ən azından kasıb, həssas, yardım alan, ümumiyyətlə, dolanışıq imkanları olmayan və işsiz vətəndaşlar üçün bu məhdudiyyətin aradan qaldırılması yaxşı olardı. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması üçün bu olduqca məqsədəuyğun bir addım olardı”, deyə deputat bildirib.

“Naxçıvanda işsizliyə görə qaz və elektrik tarifləri aşağı salınmalıdır”

Deputat bildirib ki, qaz limitinin vətəndaşı nə qədər çətinə saldığı hər kəsə məlumdur:

“Xüsusilə gəliri az olan vətəndaşlara bu ciddi problem yaradır. Həyət evlərində yaşayan insanlar qış gəlməmiş limiti keçirlər. Bu istiqamətdə müəyyən addınların atılması vətəndaşın yükünü müəyyən qədər yüngülləşdirər. Ən azından Naxçıvan Muxtar Respublikasında əhalinin çox hissəsi işsiz olduğundan, orada qaz və elektrik tarifləri aşağı salınmalıdır”.

Qaz hasilatı artıb, amma...

Enerji məsələləri üzrə ekspert İlham Şaban hesab edir ki, Azərbaycanda qaz limitinin ləğv edilməsinə ciddi əsas yaranıb. Çünki, Azərbaycanın qaz hasilatı artıb.

“Statistika da göstərir ki, qaz hasilatı artıb. Son beş ildə Azərbaycanın qaz hasilatı iki dəfə artıb. Ona görə də, qazın limitinin ləğvinə ciddi əsas yaranıb”, deyə İ. Şaban söyləyib.

Ekspert həmçinin bildirib ki, qaza limitin tətbiq edilməsi qaz istehlakını əhəmiyyətli dərəcədə azaldır. Onun sözlərinə görə, ona görə də, qaza limit tətbiq edilməsinin lehinədir:

“Limit insanı məcbur edir ki, qənaət etsin. Amma limitin bölgələr üzrə fərqli tətbiq edilməsi zəruridir. Bakıda və Abşeron yarımadasında əhali altı ay qızınmaq üçün mavi yanacaqdan istifadə edir. Amma Azərbaycanın kəskin iqlim fərqi olan bölgələri var. Elə rayonlarımız var ki, doqquz ay mavi yanacaqdan evi istitmək üçün istifadə edilir. Sentyabr ayından may ayınadək mavi yanacaqdan qızınmaq üçün yararlanırlar. Belə rayonlarda limit artırılmalıdır. Bunun üçün monitorinq aparılmalıdır ki, hansı bölgədə abonetlər limiti tez keçirlər”.

Qaz hasilatımız nə qədər olub?

2023-cü ilin yanvar-avqust ayları üzrə məlumatlara əsasən, 8 ay ərzində Azərbaycanda 32,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 8,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 17,6 milyard kubmetri “Şahdəniz”dən, 0,2 milyard kubmetri “Abşeron”dan, 5,8 milyard kubmetri SOCAR üzrə hasil olunub. 

Ötən ilin müvafiq dövrünə nisbətən 5 faiz, yəni 1,5 milyard kubmetr artımla qaz hasil edilib. Hesabat dövründə xaricə qaz satışı 15,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9 faiz çoxdur. Cari ilin yanvar-avqust aylarında Avropaya 7,6 milyard kubmetr, Türkiyəyə 6,7 milyard kubmetr, Gürcüstana isə 1,5 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 3,8 milyard kubmetr qaz nəql olunub. 

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 sentyabr 2023-cü il tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 212 milyard kubmetr, “Şahdəniz”dən isə 200,3 milyard kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 141,5 milyard kubmetrə yaxını ixraca nəql edilib.

Xatırladaq ki, bir müddət öncə Prezidenti İlham Əliyev çıxışında qeyd edib ki, 2027-ci ilə qədər Avropa bazarına qaz təchizatı iki dəfə artırılacaq.

“Bizim qaz təchizatımızın dinamikasına nəzər salsaq görərik ki, ötən il 8 milyard kubmetr idi, bu il 12 milyard kubmetr nəql edəcəyik. Bu, bizim ümumi ixracımızın yarısıdır və 2027-ci il üçün biz bu rəqəmi 20 milyarda çatdıracağıq”, - prezident vurğulayıb.

Energetika naziri Pərviz Şahbazov da Azərbaycanın qaz ixracını artıracağını söyləyib. O, bildirib ki, bu il Azərbaycanın 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi gözlənilir ki, bunun da təxminən yarısı Avropaya tədarük ediləcək. Nazir bildirib ki, hazırda Azərbaycan qazı 6 ölkəyə nəql olunur. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və “Həmrəylik halqası” layihəsinin işə düşməsi ilə Azərbaycan qazı ilə təmin olunan ölkələrin sayı 10-dan çox ola bilər: “Biz layihələri təkcə kommersiya baxımından deyil, həm də strateji baxımdan planlaşdırırıq. Xəzər dənizinin bütün növ enerji ehtiyatlarının mənimsənilməsi və dünya bazarlarına çıxarılması həmişə paralel və ardıcıl şəkildə aparılıb və aparılmalıdır”.

Məlumat üçün bildirək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin 9 ayında 11,4 milyard ABŞ dolları dəyərində təbii qaz xaricə ixrac olunub. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 12,1 milyard ABŞ dolları olub.

Xatırladaq ki, 2021-ci ilin oktyabrın 16-da Tarif Şurasının iclasında təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edilib. Qərara əsasən, əhalinin illik istehlakının 1 200 kubmetrədək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Əhali üçün 1200-2500 kubmetrədək və 2500 kubmetrədən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişməyib və əvvəlki həddə saxlanılıb. Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə artırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ