“Ötən il bir sərnişinin daşınması 68 qəpiyə başa gəlib” - Sədr müavini

“2023-cü ildə tariflərə də yenidən baxıldı və bir gediş haqqı 40 qəpiyə təyin olundu. Əsasən pandemiya dövrünün təsirləri sözünü dedi. Metropolitenin isə ən əsas gəliri məhz sərnişindaşımadandır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Bakı Metropoliteni” QSC-nin sədr müavini Hidayət Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Onun sözlərinə görə, reklam, müxtəlif kabellərə xidmət, stansiyalarda olan ticarət obyektləri və s. baxımından gəlirlər o qədər də çox deyil: 

“Həm də o da sirr deyil ki, metro üçün məhsullar, avadanlıq, qurğu və sistemlər, əsasən, ölkə xaricində istehsal olunur. Bunlara rəğmən gördüyümüz yeniliklər və optimallaşma tədbirləri, ən mühüm də sərnişinin sayının artması sayəsində 2018-ci ilin hesabatına əsasən, bir sərnişinin maya dəyəri 51 qəpik idi, 2019-cu ildə 50 qəpiyə salınmışdı. Pandemiya və məhdudiyyətlər 2020-2021-ci illərdə metronun əsas gəlir mənbəyi olan sərnişindaşımaya da mənfi təsir göstərdi. Təsəvvür edin ki, 2019-cu ildə 236 milyondan artıq sərnişin daşıyan metropoliten, 2020-ci ildə cəmi 74 milyon 706,2 min sərnişinə xidmət göstərdi. Sonrakı il rəqəm 90 milyondan bir qədər artıq oldu. Pandemiya təchizatla bağlı məhsulların da qiymətinə təsir edib. Məsələn, ağac şpalların qiyməti, demək olar, iki dəfə artıb. Doğrudur, pandemiya vaxtı da bir sıra yeniləşmə və optimallaşma işləri, həmçinin mümkün qənaətə nail olundu. Bütün sadaladıqlarım və ən əsası, sərnişin artımı 2022-ci ildə özünü yenidən büruzə verməyə başladı və sərnişindaşımanın maya dəyərinin azalmasına təsir etdi. Bir sərnişinin daşınması 2022-ci ildə 68 qəpik olub. Lakin qeyd edim ki, metropolitenin son iki il üçün maliyyə hesabatı müstəqil auditin yoxlamasındadır. Normativ tələblərə uyğun olaraq, bu rəy alındıqdan sonra hesabatlar dərc olunacaq, bir sərnişinin neçəyə və nə üçün qeyd edilən qiymətə başa gəldiyini hesabatda daha əyani görəcəksiniz”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ