“50 qramlıq məhsul alsanız da, 100 kiloluq məhsul alsanız da, daşınma 59.99 TRY-dir”

 Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol” mayın 3-dən Azərbaycanda ünvana birbaşa çatdırılma etməyə başlayıb.

Hazırda Azərbaycanda “Trendyol”un yeganə daşıma tərəfdaşı “Starex”dir. Son illər isə Azərbaycanda yüzlərlə daşıma şirkətinin yaradılmasına baxmayaraq, “Trendyol”un yalnız bir şirkətlə işləməsi cəmiyyətdə müəyyən suallar yaradır.

Digər şirkətlərin aqibəti necə olacaq?

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, “Trendyol”a hansı şirkətlə əməkdaşlıq edəcəyini diqtə etmək mümkün deyil: ““Trendyol” beynəlxalq şirkətdir və yerli tərəfdaşı seçməkdə sərbəstdir. Gələcəkdə yerli tərəfdaşların sayını artıra da bilər. Hazırda isə bütün dünyada daşıma şirkətləri arasında rəqabət güclənir. “Trendyol”un ölkə bazarına girməsi rəqabət baxımından çox önəmlidir. Yerli şirkətlərin rəqabətə dözməsi üçün onlara xüsusi güzəşt mexanizmləri tətbiq olunmalıdır”.

Mövzu ilə bağlı “Starex”in də mövqeyini öyrəndik. Şirkətin Biznesin İnkişafı Departamentinin rəhbəri Pərviz Əzimov düşünür ki, heç bir haqsız rəqabətdən söhbət gedə bilməz: ““Trendyol qlobal bir şirkətdir və onların daşıma partnyoru seçərkən müəyyən şərtləri, qaydaları var. Bu şərtlərə “Starex” cavab verdiyi üçün “Trendyol” daşıma tərəfdaşı kimi “Starex”i seçib. Gələcəkdə başqa şirkətlər də onların standartlarına cavab verərsə, böyük ehtimalla həmin şirkətlər də “Trendyol”la tərəfdaş olacaq. “Starex”in ömürlük tək tərəfdaş olacağı ilə bağlı xüsusi şərt yoxdur”.

P.Əzimov bildirib ki, çatdırılmanın maddi tərəfi ilə bağlı məsələ bir az fərqlidir: “Bu, sizin aldığınız məhsuldan, məhsulun çəkisindən, həcmindən və sayından asılı olaraq dəyişir. Bu gün “Trendyol” çəki və həcm fərqi olmadan 1 markadan alınan mallar üçün vahid daşınma tarifi təklif edir. Bu, hazırda 59,99 TRY-dir (5,22 AZN). Yəni siz 50 qramlıq məhsul alsanız da, 100 kiloluq məhsul alsanız da, daşınma 59.99 TRY-dir. Gələcəkdə bu qiymət dəyişə də bilər. Karqo şirkətləri isə müxtəlif çəki aralıqları üçün fərqli qiymətlər təklif edir. Məsələ  0-100 qram üçün “Starex”də qiymət 0,95 USD-dir (1,61 AZN). Bu məntiqlə az öncə qeyd etdiyim 50 qramlıq məhsul üçün bəlkə də ənənəvi model sərf edə bilər, daha ağır çəkilərdə isə birbaşa sifariş”.

Departament rəhbəri əlavə edib ki, “Trendyol” saytında olan bütün məhsulları Azərbaycana birbaşa çatdırma üçün aktivləşdirməyib: “Onların öz daxili siyasətinə görə müəyyən filterlər var. Buna görə də müştərilər bəzi məhsulları hələ də əvvəlki qaydada almağa məcburdur. Gələcəkdə ola bilsin, Azərbaycana birbaşa məhsul çatdırmaq üçün çeşidlər daha da genişlənəcək. Hazırda Azərbaycan üçün xüsusi qiymət yoxdur. Məhsul Türkiyədə hansı qiymətlə satılırsa, Azərbaycan müştəriləri üçün də eyni qiymətlər təklif edilir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ