Azərbaycan yığması yenidən Faiq Qarayevə tapşırıldı

Qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının yeni baş məşqçisi bəlli olub.

Milli komanda yenidən Faiq Qarayevə tapşırılıb. O, daha əvvəl müxtəlif vaxtlarda da yığmaya rəhbərlik edib.

Öz təyinatı barədə danışan F.Qarayev bildirib ki, gələn il voleybolda keçirəcəyi 40-cı il olacaq:

“Bir insan yeni vəzifəyə gələndə özünə sual verir ki, məqsədim nədir? Voleybolda bir az durğunluq var və bunun da səbəbləri mövcuddur. Bizim voleybol daim yüksəkdə olub, Avropa və dünya çempionatlarında iştirak edib. Məni görənlər soruşur ki, nə zaman voleybolda uğur olacaq? Bunun üçün potensialımız var. Düzgün iş qurmalıyıq, sistem yaratmalıyıq”.

Baş məşqçi həmçinin əvvəlki anları, adrenalini yaşamaq istəyini vurğulayıb: 

“Mənim yadımdadır ki, 2000-ci illərdə bu işə başlayanda Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri kimi məndən soruşdu ki, yaxşı işə başlamaq üçün nə lazımdır? Topumuz da yox idi, zalımız da yox idi. Bütün şəraiti yaratdı. Baş məşqçi də gələ bilərdi. Amma düşündüm ki, yaxşı məşqçi korpusumuz var və düzgün işlər görəcəyik. Yadımdadır ki, əvvəllər zallar necə dolurdu. Həmin anları, adrenalini yenə yaşamaq istəyirəm”.

Qeyd edək ki, yığmada sonuncu dəfə bu vəzifəni türkiyəli Ataman Güneyligil icra edib. Avropa çempionatında uğursuz çıxış səbəbindən onunla müqavilənin müddəti artırılmayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ