“Vinçester”, beşbarmaq, bıçaq götrülüb - DİN-də generalın qohumu ilə bağlı açıqlama

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş verən insidentlə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Buta.media-ya verilən məlumata görə, mayın 13-də saat 23 radələrində Nərimanov rayonunun A.M.Cümə küçəsində bir qrup şəxsin ictimai asayişi pozan xuliqanlıq hərəkətləri etmələri barədə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə məlumat daxil olub.

Dərhal hadisə yerinə çıxan Polis Şöbəsinin əməkdaşları tərəfindən onlardan 5 nəfəri saxlanılıb. 

Araşdırmalarla saxlanılan şəxslərin Bakı şəhər sakinləri İsa Əzizov, Samir Binnətəliyev, Rəcəb Həmidov, Telman Balayev və Valid Məmmədli olduqları müəyyən edilib.  

Onlardan 1 ədəd “Vinçester” markalı tüfəng, 2 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd elektroşoker götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq), 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Hadisənin digər iştirakçılarının da tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, mətbuatın yaydığı xəbərə görə, hadisənin iştirakçılarından olan İ.Əzizov Ədliyyə nazirinin müavini general-leytenant Məhərrəm Əliyevin və deputat Adil Əliyevin qohumudur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ