Qadın və kişi sonsuzluğunun yaranma səbəbləri və müalicə yolları - müsahibə

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Qurbanova sonsuzluğun uğurla aradan qaldırılması yollarından danışıb.

Buta.media həmin müsahibəni təqdim edir:

- Vəfa xanım, ilk öncə bilmək istərdik ki, qadın və kişi sonsuzluğu nədən yarana bilər?

- İnsan sağlamlığı genetik, ətraf mühit faktorları, həyat tərzi vərdişləri və mikrobiotanın tərkibi arasında mürəkkəb və balanslı qarşılıqlı əlaqənin nəticəsidir. Bu mürəkkəb prosesdə iştirak edən hər komponentin rolunun dərk olunması bir çox xəstəliklərin yaranma mexanizmləri ilə yanaşı, diaqnostika, müalicə və profilaktikası üçün vacib informasiya verə bilər.

Reproduktiv nəticələrin yaxşılaşdırılması üçün qeyd edilən faktorların rolu çox aktualdır. Genetik, mikrobiom, həyat tərzi və yaşadığımız mühit arasındakı əlaqələr barədə informasiya həcmi ilbəil artır. Bu da öz növbəsində gələcəkdə sonsuzluğun diaqnostikası və müalicəsində yeni yanaşmaların tətbiqinə imkan verəcək.

- Qadın sonsuzluğuna səbəb ola biləcək xarici faktorlar hansılardır?

- Müasir reproduksiya problemləri haqqında danışdıqda bəzi faktorların rolunu vurğulamaq lazımdır. Reproduktiv sağlamlıq potensialına və sonsuzluğa səbəb ola biləcək amillər arasında qadın orqanızminin inkişafı ana bətnində olduğu andan başlayaraq, daha sonra uşaqlıq (7 yaşa qədər), prepubertat (yetkinlikdən əvvəlki dövr) və pubertat (yetkinlik) dövrlərinin önəmli məqamlarına xüsusi diqqət yetirilməlidir.

Hazırda yoluxucu iltihabi proseslər, piylənmə, düzgün qidalanmama, DNT metilasiyası (DNT nukleotid ardıcıllığının özünü dəyişdirmədən DNT molekulunun modifikasiyası), oturaq həyat tərzi, zərərli vərdişlər (tütünçəkmə, spirtli içkilərin qəbulu və s.) genlərin işinə təsir edən və sonrakı nəsildə patoloji proseslərə səbəb ola biləcək əsas xarici amillərdən hesab olunur.

- Doktor, hansı hallarda cərrahi müalicə məsləhət görülür?

- Cərrahi müalicənin lazımlığı və vacibliyi məsələsi bir çox məqamlardan asılıdır. Təbii ki, əsas diqqət sübutlu standartlara və normativ sənədlərə əsaslanan diaqnostikasının aparılmasına və müalicə taktikasının seçilməsinə verilməlidir.

Mümkün qədər əsassız invaziv müdaxilələrdən çəkinmə və cərrahi əməliyyatdan sonra yarana biləcək ağırlaşmaların dəyərləndirməsi çox önəmlidir. Bu səbəbdən cərrahi müdaxilə qərarını konsilium şəklində verilməsi məqsədəuyğun hesab olunur.

- Genetik sonsuzluq nədir?

- Bir çox hallarda sonsuzluğun səbəbi cütlükdə genetik faktorlarla əlaqəli olur. Problemi müəyyən etmək üçün qadın və kişi genotipində kariotip pozğunluğun olub-olmaması təyin edilməlidir. Təbii ki, bu məqsədlə mütəxəssis genetik konsultasiyası və xüsusi laborator müayinə üsullarından istifadə olunmalıdır.

- Sonsuzluq müalicə ilə aradan qalxa bilərmi?

- Sonsuzluğu uğurla aradan qaldırılması üçün mümkün qədər tez və maksimal effektiv şəkildə hamilə qalmamağa səbəb ola bilən diaqnozu qoymaq lazımdır. Burada müasir təbabətin tələblərinə uyğun olaraq və sübutlu standartlara əsaslanaraq “4P” prinsipinə uyğun addımlamaq lazımdır – xəstəliklərin inkişafını proqnozlaşdırmaq (prediksiya); xəstəliklərin baş verməsinin qarşısının alınması (prevensiya və ya profilaktika); hər bir xəstəyə fərdi yanaşma (personalizasiya); xəstənin tibbi tədbirlərdə motivasiyalı iştirakı (partisipasiya).

Təbii ki, ilk mərhələ mümkün qədər bütün risklərin düzgün qiymətləndirilməsidir. Bu sırada ailəvi və şəxsi anamnestik məlumatlar, yaş faktoru, ekstragenital xəstəliklər, reproduktiv sistemin pozğunluqları, cinsi yolla yoluxan infeksiyaların olması, uşaq və yeniyetmə yaş dövrünün xüsusiyyətləri, reproduktiv davranış, abortların sayı və bir çox digər faktorlar dəyərləndirilməlidir.

Hər bir cütlük üçün müasir standartlara və mövcud imkanlara uyğun olaraq fərdi müayinə və müalicə planı tərtib edilməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ