İrəvan müharibəyə hazırlaşır? Ermənistan Hindistandan ZRK və kamikadze PUA-lar alır

Azərbaycanla gərginliyin saxlanıldığı vaxtda Ermənistan Hindistanla yeni müdafiə sazişləri bağlamaq imkanını nəzərdən keçirir.

Bu barədə “Armenpress” qəzeti Hindistanın “ThePrint” onlayn qəzetinə istinadən məlumat yayıb.

“Oktyabrın 18-də Qandinaqarda “DEFEXPO 2022” çərçivəsində Ermənistanın müdafiə naziri Suren Papikyan və onun həmkarı Hindistanın müdafiə naziri Şri Rajnat Sinx arasında görüş keçirilib. Görüş “Pinaka” reaktiv yaylım atəşi sistemləri, tank əleyhinə “Konkurs” raket kompleksləri, 80 mm-lik minaatanlar, eləcə də digər silahların Ermənistana tədarükünə dair hökumətlərarası sazişin imzalanmasından cəmi bir neçə həftə sonra baş tutub”.

Məlumatda həmçinin qeyd olunur ki, Ermənistan Hindistanda “Tata Advanced Systems Limited” (TASL) və “Solar Industries” özəl şirkətləri tərəfindən hazırlanmış yerli “Akaş” zenit-raket kompleksləri və kamikadze PUA-ları (loitering munition) almaq imkanını nəzərdən keçirir.

Sentyabrda məlum olub ki, Ermənistan oktyabrda Hindistandan “Pinaka” çoxlüləli reaktiv yaylım atəşi sistemləri, raketlər və sursatlar alacaq. Mətbuatın verdiyi məlumata görə, müqavilənin dəyəri 250 milyon dollardan çoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ