Şimali Koreya ABŞ-a xəbərdarlıq etdi

ABŞ və Cənubi Koreyanın Koreya yarımadasında keçirdiyi hərbi təlimlər regionda qarşıdurmanın ciddi mərhələsinin olduğunu göstərir.

Bu barədə Şimali Koreya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir .

“ABŞ və Cənubi Koreyanın bu il demək olar ki, hər gün keçirdiyi irimiqyaslı hərbi təlimlər səbəbindən Koreya yarımadası dünyada hərbi gərginliyin ən yüksək olduğu qaynar nöqtəyə çevrilib. Regionda vəziyyət daha da gərginləşəcək”, - bəyanatda bildirilir.

Söhbət oktyabrda Cənubi Koreya ərazisində manevrlər üzrə keçirilən “Hoquk” təlimlərindən və ABŞ-la birgə başlayan “Vigilant Storm” (“Oyaq Fırtına”) hava təlimlərindən gedir. Pxenyan hesab edir ki, sonuncu təlim xüsusilə “aqressiv xarakter daşıyır” və işlənən hədəflər arasında “Koreya yarımadasındakı müharibə zamanı KXDR-in strateji obyektlərinə zərbə endirmək” var.

Şimali Koreya əmindir ki, bu il regionda keçirilən manevrlər “ABŞ-ın KXDR-ə qarşı müharibə ssenarisinin son mərhələsinə çatdığını” təsdiqləyir.

Bununla bağlı Pxenyan Vaşinqtona xəbərdarlıq edib ki, ABŞ “KXDR-ə qarşı güc tətbiq etmək cəhdi halında bərabər qiymət ödəməyə” hazır olmalıdır. Şimali Koreya “suverenliyini qorumaq üçün bütün lazımi addımları” atır. KXDR XİN ABŞ-ı təlimdən imtina etməyə çağırıb.

“Oyaq Fırtına” təlimləri bir gün əvvəl, oktyabrın 31-də başlayıb və noyabrın 4-dək davam edəcək. Bu, ABŞ və Cənubi Koreyanın təxminən son beş ildə ilk irimiqyaslı hava manevrləridir. Təlimlərdə 240-dan çox təyyarə, o cümlədən F-35A gizli qırıcıları iştirak edir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ