Din xadimləri evdə necə geyinirlər? - Rəsmi açıqlama

Din xadimləri təkcə həyata baxış və davranışları ilə deyil, həm də geyimləri ilə seçilirlər. Xüsusilə müsəlman din xadimləri ayinlərin, ritualların icrası zamanı xüsusi geyimlərə üstünlük verirlər. Belə ki, onlar başlarına əmmamə taxır və əba geyinirlər. 

Bəs, din xadimləri evdə necə geyinirlər? Bununla bağlı xüsusi tələb varmı? 

Bu barədə Modern.az-a danışan Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) əməkdaşı Samid Quliyev bildirib ki, din xadimlərinin xüsusi paltar geyinməsi vacib deyil:

“Qafqaz Müsəlmanlar İdarəsi ilk dəfə imamların sertifikasiyasından sonra onlara xüsusi geyim təqdim etdi. Lakin həmin paltarın geyinilməsi məcburi xarakter daşımır. Sadəcə bayram namazlarında, ümumiyyətlə, namazlarda və dini mərasimlərdə bu paltarların istifadəsi tövsiyə olunur. Normalda isə şəxs azaddır. İstədiyi kimi geyinə bilər”.

Din xadimlərinin ev geyimlərinə gəlincə, QMİ nümayəndəsi bununla bağlı hər hansı tələbin olmadığını vurğulayıb. Yəni, onlar istədikləri geyimdən istifadə edə bilərlər.

“Əlbəttə, ev geyimi, iş geyimindən fərqlənir. İnsanlar evdə daha rahat geyimlərə üstünlük verir. Şəxsən mənim tanıdığım din adamları arasında evdə xüsusi dini paltar geyinən yoxdur. Təbii ki, belə şəxslər də ola bilər. Kimə necə rahatdırsa, elə də geyinə bilər. Bununla bağlı hər hansı göstəriş, tələb mövcud deyil".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ