“Diqlas”-dakı yanğının günahkarı açıqlandı

“Diqlas” ticarət mərkəzin baş vermiş yanğının mənbəyi kənarda yerləşən və qanunsuz inşa olunan dönərxanadır.
 
Buta.media-nın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Bakının Nizami rayonundakı "Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğınla əlaqədar Prezident İlham Əliyevin sədrliyi ilə bu gün keçirilən müşavirədə söyləyib.

Nazir deyib ki, yanğının başvermə anı Daxili İşlər Nazirliyinin müşahidə kameralarında əks olunub: 
 
"Yanğının söndürülməsinə 35 yanınsönürən maşın və 3 helikopter cəlb olunub. Ticarət mərkəzində yanğın təhlükəsizliyi qaydalarına indiyə qədər əməl olunmayıb. Fövqəladə Hallar Nazirliyi tərəfindən 2015-ci ildə başlayaraq "Diqlas” ticarət mərkəzi və Nizami rayon İcra Hakimiyyətinə müvafiq müraciətlərin olunmasına baxmayaraq, ticarət mərkəzində yanğın təhlükəsizliyi və digər təhlükəsizlik tədbirləri görülməyib, bu məqsədlə tələb edilən hidrantlar qoyulmayıb. Malların anbarlarda düzgün yerləşdirilməməsi və binanın alkoponla üzlənməsi yanğının daha da şiddətlənməsinə səbəb olub".

Qeyd edək ki, FHN martın 26-da paytaxtın Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

FHN-in mətbuat xidmətindən bildiriblər ki, martın 26-da saat 08:13-də nazirliyin 112 – “qaynar telefon” xəttinə Bakının Nizami rayonu, Qara Qarayev prospekti - 81 ünvanında yerləşən “Diqlas” ticarət mərkəzinin yaxınlığında yerləşən iaşə obyektində (dönərxana) yanğının baş verməsi barədə məlumat daxil olub.

Yanğının söndürülməsinə cəlb olunan nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə bölmələri saat 08:21-də çağırış ünvanına çatıb. Yanğının sürətlə yayılması, yanğın hidrantlarının və su hovuzlarının uzaq məsafədə olması, ərazidəki ticarət obyektlərinin sıx yerləşməsi və həmin obyektlərin yanğının sürətlə yayılmasına səbəb ola biləcək materiallarla üzlənməsi nəzərə alınaraq saat 08:28-də yanğının söndürülməsi üçün “3 saylı çağırış” elan edilib.

Yanğınsöndürmə işlərinin sürətləndirilməsi və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi üçün yanğın yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti, Aviasiya dəstəsinin 3 yanğınsöndürmə helikopteri cəlb olunub.

Yanğın nəticəsində dörd mərtəbədən və mansardadan, eləcə də üçmərtəbəli zirzəmidən ibarət ticarət mərkəzinin zirzəmisinin mənfi birinci mərtəbəsindən binanın mansardasına kimi içərisində təsərrüfat, geyim və s. mallar olan müxtəlif növ mağazalar, habelə ticarət mərkəzinə bitişik köşklər 2600 kvadratmetr sahədə, ticarət mərkəzinin yaxınlığında yerləşən təsərrüfat malları bazarında müxtəlif növ ticarət obyektlərinin üzlük hissələri və qismən plastik pəncərə çərçivələri və dam örtükləri 200 kvadratmetr sahədə (ümumilikdə 16 min 500 kvadratmetr sahədə) yanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ