Metropolitenlə bağlı yeni sərt ittihamlar: Tağı Əhmədovun yerinə gələn daha betərdir


Ötən həftə – martın 12-də “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, metropoliten rəhbərliyindən şikayətlərini bildirmişdilər. Şikayətçilər metropolitenin  baş müfəttişlik aparatının qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişi, 37 ildən artıq fasiləsiz metropolitendə çalışan Nazim Abdullayev, maşinist, Qarabağ veteranı Asif Rzayev və maşinist Fikrət Şıxaliyev idi.
 
Buta.media-nın məlumatıına görə, onlar metropoliten rəhbərliyinə qarşı kifayət qədər sərt ittihamlar səsləndirmişdilər. Bildirmişdilər ki, hazırda metroda vəziyyət o qədər acınacaqlıdır ki, hər an ciddi qəza baş verə bilər. Buna səbəb kimi ilk növbədə texniki qaydaların pozulmasını göstərmiş, daha sonra isə bildirmişdilər ki, rəhbərlik maşinistlərin sayını azaldıb ki, bu da başqa bir problemdir.
  
Metropoliten cavab verməsə də, bu həftə ərzində yuxarıda adlarını çəkdiyimiz şəxslər yenidən “Yeni Müsavat”a müraciət edərək, qurumda baş verən təhlükəli anlar, qanunsuz məqamlar barədə təkrar şikayətlərini bildiriblər.
 
Martın 13-də 21 nömrəli marşrut üzrə hərəkət edən 28072808 qatarın elektriklə təmasda olan başmaqları qatar depoya hərəkət edən zaman qırılıb. Qatarda heç bir sərnişin olmadığı üçün ciddi hadisə baş verməyib. Şikayətçilər bildiriblər ki, bu başmaqlar təmas relsi ilə birləşib, qatarı elektriklə təmin edir. Əgər sərnişinlər qatarda olsaydı, 825 voltun qatara keçməsi səbəbindən ağır faciə baş verə bilərdi. 
 
Məlumatlara görə, yuxusuz olduqları üçün mart ayı ərzində 3 maşinist stansiyanı keçib.
 
Onu da qeyd edək ki, şikayətçilər qeyd etdikləri məqamları fotolarla, rəsmi sənədlərin üz köçürmələri ilə təsdiq ediblər ki, həmin sənədlər əlimizdədir.
  
Hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu halda müvafiq dövlət qurumları ilə bərabər QHT-lər də hərəkətə keçməlidir:  
“Əvvəlcə qeyd edək ki, burada fərqli variant da ola bilər. Yəni gəlin bunu da istisna etməyək ki, həmin işçilərin rəhbərliklə münasibətlərində hansısa problem var. Buna görə də belə addım atırlar. Hüquqşünas kimi gərək hər bir ehtimalı deyək. Lakin bir məsələ də var ki, bu şəxslər fotolarla, sənədlərlə fikirlərini təsdiqləyirlər. 
 
Eyni zamanda bilərəkdən cinayət haqqında yalan məlumat vermənin özü də cinayətdir. Çox güman ki, həmin şəxslər bunu başa düşürlər. İstənilən halda hüquq-mühafizə orqanları bu məsələ ilə gərək ciddi məşğul olub, ictimaiyyətə də geniş məlumat versinlər. Eyni zamanda metro birbaşa olaraq Nəqliyyat, Rabitə və İnformasiya Nazirliyinə aiddir. Mənə maraqlı gələn odur ki, bu nazirlik nə üçün heç bir fikir bildirmir? Bu postu daha əvvəl tutanlar barəsində də şikayətlər çox idi. Ancaq heç olmasa, həmin adamlar işlərini bilirdilər və metro ilə bağlı belə xəbərlər yayılmırdı”.
 
Hüquqşünas onu da vurğulayıb ki, metropoliten çox qapalı qurumdur: “Mənim özüm də heç Tağı Əhmədovu bəyənməmişəm. Ancaq indi görürük ki, onun yerinə gələn daha betərdir. Orada bir bədbəxt hadisə baş verərsə, buna görə kim cavabdeh olacaq? Bütün bunları fikirləşmək lazımdır. Əslində səslənən ittihamlar olduqca ağırdır və araşdırılmalı, ictimaiyyətə geniş məlumat verilməlidir”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ