Metro işçilərindən sensasion ittihamlar: Böyük faciə yaşanacaq

“Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşı metropoliten rəhbərliyindən şikayətlərini bildiriblər. 

 

Şikayətçilər “Yeni Müsavat” qəzetinə bildirirlər ki, problemləri ilə bağlı müvafiq qurumlara müraciət edib kömək ala bilməyincə, məsələni ictimailəşdirmək qərarına gəliblər.

 

Şikayətçilər özlərini aşağıdakı kimi təqdim ediblər:

 

BMP-QSC-nin baş müfəttişlik aparatının Qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttiş 37 ildən artıq fasiləsiz metropolitendə çalışan Nazim Mədət oğlu Abdullayev;

 

Maşinist, Qarabağ müharibəsi veteranı Asif Mirzə oğlu Rzayev;

 

Maşinist Fikrət Sərvər oğlu Şıxaliyev.

 

Şikayətçilər bildirdilər ki, bir neçə həmkarları da üzləşdikləri vəziyyətdən şikayətçidirlər, lakin iş rejimlərinin sərt olması səbəbindən metropolitendən ayrıla bilməyiblər.

 

Onlar başlarına gələni aşağıdakı kimi anlatdılar:

 

“Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov Nazirlər Kabinetinin(NK) qərarı olmadan 2017- ci idən etibarən maşinistləri yeni iş qrafikinə keçirib. Həmçinin sədr bu qərarla maşinist köməkçisi peşəsini ləğv edib, metropolitendən heç bir məlumatı olmayan şəxsləri işə qəbul edib. Hüseynov qısa vaxt ərzində maşinist olacaqlarına dair onlara vəd verib. 


Tuneldə və qatarda heç vaxt işləməmiş, təlimata əsasən ən azı 3-cü çilingərlik dərəcəsi olmayan insanların qatarı necə idarə etməyi bilməmələri sərnişinlərin taleyini təhlükə altına atmaq deyilmi?! Metropoliten rəhbərliyi yaddan çıxarır ki, hər bir maşinist kabinasının arxasında minlərlə insan taleyi durur.

 

Sikayətçilər qeyd ediblər ki, metropoliten işçilərdən hər hansı biri şikayət etdikdə və ya öz hüquqlarını tələb etdikdə, İnsan Resursları və Xidmət departamentinin rəisi Tərlan Dadaşov, şöbə rəisi Əli Əliyev, Hüquq şöbəsinin rəisi Adil Atakişiyev, baş müfəttiş Elxan Məmmədov həmin şəxsləri idarəyə çağırtdırırlar. Onlar günlərlə işçiləri süründürməçiliyə salır, təzyiq yolu ilə onlardan izahatlar alır, təhqir edir, heç bir əsas olmadan mükafatlarını kəsdirir, tutduqları peşədən, vəzifədən aşağı peşəyə, vəzifəyə keçirir. Öz ərizələri ilə işdən çıxmalarını tələb edir, işçi öz ərizəsi ilə işdən çıxmaq istəmədikdə Tərlan Dadaşovun imzası ilə qanunsuz ixtisara salıb, işdən azad edirlər. Bütün bunlarla bağlı əlimizdə kifayət qədər faktlar var.  Xoşları gəlməyən metropoliten işçilərini heç bir əsas olmadan, hətta işçinin istirahət günündə kafedə oturub söhbət etdiklərinə görə də cəzalandırırlar. Bütün bu əmrlərin surəti əlimizdədir. İşçini cəzalandırdıqda əmək intizamı haqqında nizamnaməsi və təlimatlar deyil, “Zaur Hüseynov hökuməti”nin istəkləri nəzərə alınır".

 

Şikayətçilər bildiriblər ki, metropolitenin texniki  istismar qaydaları kobud şəkildə pozulur və sərnişinlər təhlükə altındadır:

 

“Metropolitenin texniki  istismar qaydalarına zidd olaraq ”İçərişəhər" stansiyasında 2-ci baş yolda stansiyanın girişində olan ətalətli avtostop Zaur Hüseynovun əmri ilə sökülüb. Həmin avtostop 2-ci baş yolda stansiyaya girən qatarların təhlükəsiz hərəkətini təmin etməklə bərabər, həm də qatar əks istiqamətdə hərəkət edərkən 2-ci baş yoldan 1-ci baş yola keçiddə sürətə nəzarət edirdi. Nəzərinizə çatdırırıq ki, hazırda “İçərişəhər” stansiyasına sərnişinlə 2-ci baş yola girən qatarların, həmçinin də 2-ci baş yoldan qayıdan qatarların və sərnişinlərin təhlükəsizliyi təmin olunmur.

 

Metropolitenin texniki istismar qaydaları kobud şəkildə pozulur. Sərnişinlə dolu qatarları heç bir təhlükəsizlik tədbiri görmədən yolda işlədirlər:

 

"Maşinist kabinəsinin ön hissəsində fövqəladə hallar zamanı sərnişinlərin qatardan düşürülüb təxliyə edilməsindən ötəri qapı açılıb (yığılan pilləkən olduğu halda) onları ləğv edərək, yeni kabinə quraşdırılır".

 

Şikayətçilərin sözlərinə görə, qatarların hərəkəti ilə bilavasitə əlaqəli olan işçilərlə işçilərlə istənilən yaş həddində əmək müqaviləsi bağlanır.

 

Maşinistlər bildiriblər ki, sədr onları qəbul etmir, iclasları isə rus dilində aparılır:

 

"Heç bir təhsili olmayan işçilər ali təhsilli mühəndislərə dərs keçir.Təlim-tədris mərkəzinin təşkil etdiyi ixtisas kurslarını bitirən işçilərə etibarlılıq müddəti 1-2 il olan sertifikat verilir ki, bu da görünməmiş hadisədir".

 

 Şikayətçilərin sözlərinə görə, vaqonların əsaslı təmiri demək olar ki, aparılmır: “Bir qatarın avadanlıqlarının sökülüb digər qatara yığılması və kabinənin dəyişdirilib, qatarın rənglənməsi ilə vaqonların əsaslı təmiri bitmiş hesab edilir. Bu cür təmirdən çıxmış vaqonlarda sərnişin daşınması sərnişinlərin həyatını təhlükəyə atmaq deməkdir.Vaqon formulyarlarına saxta parametrlər qeyd edilir. Bu cür dartı mühərrikləri ilə təchiz edilmiş vaqonlarla sərnişin daşınması sərnişinlərin təhlükəsizliyinə heç vaxt təminat verə bilməz".

 

Maşinistlər başqa bir vacib məqama da toxunublar. Onların sözlərinə görə, “Avtovağzal”-"Memar Əcəmi-2" xəttində quraşdırılmış “THALES” mühafizə sistemi tələblərə cavab vermir: “”THALES" sistemi “Avtovağzal” - “Memar Əcəmi-2" xəttində təhlükəsizliyi təmin etməlidir, hazırda söndürülüb.

 

Bu cür faktlar çoxdur və xahiş edirik ki, müvafiq qurumlar tədbir görsünlər. Əks halda, metroda böyük faciə yaşanacaq”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ