“Manatlıq” taksilərin də erası bitir – açıqlama

Xəbər verildiyi kimi Nazirlər Kabineti taksi minik avtomobilinə dair tələblər müəyyənləşdirib. Tələblər arasında taksi avtomobillərinin yalnız ağ və qırmızı rəngdə olması, minimum “Avro-5” standartına cavab verməsi, istehsal tarixinin 15 ildən artıq olmaması yer tutur. 

Həmçinin, taksilərdə daşıyıcı və sürücü haqqında məlumat lövhəsi, taksometr, gediş haqqının nağdsız ödənilməsi üçün POS-terminalın olması da qoyulan tələblərdəndir. Qaydalar iyul ayının 1-dən tətbiq olunacaq.

Qaydaların tətbiqinə təxminən 3 ay vaxt qalsa da, taksi bazarında əməlli-başlı çaxnaşma yaranıb. Artıq yuxarıda göstərilən tələblərə cavab verməyən taksi şirkətləri bazardan çıxmağa start götürüblər. 

Maraqlıdır ki, bu sıraya Bakıətrafı qəsəbələrə işləyən “manatlıq” taksilər də aid edilib. Bir neçə gündür ki, el arasında “manatlıq” dediyimiz bu taksilərin sayı azalmaqla bərabər, bəzilərində 50 qəpik-1 manat aralığında qiymət artımı müşahidə olunur. 

Ümumiyyətlə şəhər mərkəzindən ətraf qəsəbələrə taksi fəaliyyəti həyata keçirən “manatlıq” taksilərin aqibəti necə olacaq? Bu taksilər də yeni tələblərə əməl edəcək, yoxsa fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər? 

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin mətbuat katibi Tural Orucov Bizim.Media-nın sorğusuna cavab olaraq bildirib ki, taksi minik avtomobili ilə sərnişindaşımaları həyata keçirən bütün digər hüquqi və fiziki şəxslər kimi sözügedən fəaliyyətlə məşğul olanlar da AYNA-ya elektron qaydada müraciət edərək buraxılış vəsiqəsi və buraxılış kartı almalıdırlar:

“İcazələrin verilməsi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən yaradılan “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən elektron qaydada həyata keçirilir. İstifadəçilər //e-xidmet.ayna.gov.az/ linkinə daxil olaraq, avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımaları sahəsində icazənin verilməsi üçün müraciət bölməsini seçməlidirlər. 

Elektron sistem müvafiq dövlət orqanlarının informasiya sistemlərinə inteqrasiya edildiyindən tələb olunan sənədlərin sayı minimuma endirilib, digər dövlət orqanlarının informasiya sistemlərindən əldə edilməsi mümkün olmayan məlumatlarla bağlı sənədlərin skan edilmiş surətinin müraciətə əlavə edilməsi imkanı yaradılıb.

Elektron portaldan istifadə zamanı çətinliklərin yaşanmaması üçün AYNA tərəfindən taksi parklarına təlimlər keçirilib və xidmətdən istifadə qaydaları ilə bağlı video təlimat hazırlanıb”, -deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən taksi xidmətlərinə Tarif Şurası tərəfindən nəzarət edilmir və müvafiq gediş haqqını dövlət müəyyənləşdirmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ