“Space TV”yə xəbərdarlıq olundu

Audiovizual Şura materialı icazəsiz və istinadsız yayımladığına görə “Space TV”yə xəbərdarlıq edib.

Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn formatda iclası keçirilib. İclasda Audiovizual Şuraya 26 dekabr 2023-cü il tarixdə aparılmış monitorinq zamanı “Space TV” kanalının efirində aşkarlanmış qanun pozuntusu faktı müzakirə olunub.

Şuradan verilən xəbərə görə, 11 dekabr 2023-cü il tarixində APA TV-nin efirində yayımlanmış “Ekstra müsahibə” proqramından video-görüntülər 25 dekabr 2023-cü il tarixdə saat 22.09-da “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-nin “Space TV” televiziya redaksiyasının efirində “Gül kimi Şou” proqramında müəllifə istinad edilməyərək yayımlanıb.

Bununla da, “Media haqqında” Azərbaycan Respublikasının Qanununun 13.2-ci maddəsinin tələbi (abunəlik və ya müqavilə olmadıqda media subyekti digər media subyektinin hər bir informasiyasının yalnız üçdə birindən çox olmayan hissəsini istinad etməklə istifadə edə bilər) pozulub.

Aparılan müzakirələrdən sonra Audiovizual Şura “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən “APAMARK” MMC-nin bu halla əlaqədar məhkəmə qaydasında öz hüquqlarının müdafiə etmək səlahiyyəti də var.

Azərbaycan Respublikası Audiovizual Şurası bütün yayımçılardan bir-birinin müəllif hüquqlarına hörmət etməyə, digər yayımçıların proqramlarını (və ya onların hissələrini) yayımlayarkən mütləq şəkildə onlara istinad verilməsini təmin etməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ