Qasımovlar ailəsi Balasanyanın həbsini gözləyir

Əlində Azərbaycan bayrağı ilə 23 nəfər Xocalı sakinini xilas etmək naminə düşmənə təslim olan Natiq Qasımovun yayılan fotosu birinci Qarabağ müharibəsində Azərbaycan oğullarının qəhramanlıq rəmzlərindən biridir. 

“Qafqazinfo” xəbər verir ki, 31 ildir əsirlikdə itkin düşən bu qəhramanın taleyinə “Oğul” sənədli filmindən sonra sanki aydınlıq gətirilib. 

Sözügedən filmdə Xocalı qatillərindən biri Vitali Balasanyanın Natiq Qasımovu əsirlikdə sorğu-sual etdiyi aydın görünür. Düzdür, erməni cəlladı bunu dansa da, faktlar və fotolar Balasanyanın cinayətini bir daha ortaya qoyur. 

Natiq Qasımovun qardaşı Nofəl Qasımov saytımıza açıqlamasında deyir ki, həmin sənədli filmə baxdıqdan sonra qardaşının başına gətirilən amansız işgəncələrə əmr verən şəxsin məhz Balasanyan olduğuna əmin olur: 

“O filmə baxandan sonra mən bildim ki, mənim qardaşımın əsir düşməsində və yaxud onların hansı işgəncələrə məruz qalmasında, Natiqin əsir götürüləndən sonra onun dindirilməsində birbaşa  Vitali Balasanyan iştirak edib. Mən dəqiq bilirəm ki, Natiqin əsir düşməsində və əsir götürülməsində Balasanyan özü iştirak edib. Onun danışıqlarında Balasanyan özü sual-cavab edib. Şəkilləri də var. Şəkillər məndə də var. Yəni, onun öldürülməsimi, yandırılmasımı, doğranılmasımı birbaşa Balasanyanın əli ilə  olub.”

Qasımovlar ailəsi Natiqin yolunu illərdir gözləyir. Daha dəqiq desək onun öldürülübsə, harada basdırıldığı yeri və ya hər hansı bir xəbər ümidi ilə yaşayır. 81 yaşlı Dursun ana deyir ki, oğlunun qəhramanlığından hər kəs danışsa da, ondan bir xəbər almaq arzusu ilə yaşayır:

“Natiqdən ötrü yol gözlədik. Bir dəfə bizi aldatdılar ki, Gürcüstanda dəyişəcəklər. Gecə ilə camaat orada Natiqi gözləyirdi. Elə qəhraman oğlan idi. Natiqin qisası dəfələrlə alındı. Amma indi istəyirəm ki, onlar tutulsun, görək Natiqdən bir xəbər çıxarmı. Ancaq ondan xəbər istəyirəm”.

Bu gün ailənin  ən böyük arzularından biri Balasanyanın həbsidir.  Ümidlər getdikcə artıb.

“Balasanyan tək mənim qardaşımın cinayətində olmayıb. O, Xocalı soyqrımında da iştirak edib. Təbii ki, cəzasını da almalıdır. Mənim üçün də xoş olar, şad olar ki, ən azından qardaşımın qatili cəzalandırıldı” - Nofəl Qasımov deyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ