Hikmət Hacıyev Qarabağ böhranının həlli barəsində danışdı

Azərbaycan və Ermənistan arasında Azərbaycanın təklif etdiyi və Ermənistanın qəbul etdiyi beş əsas prinsip əsasında sülh müqaviləsi üzrə danışıqlar aparılır. İki ölkənin ərazi bütövlüyü və suverenliyinin qarşılıqlı tanınması və gələcəkdə ərazi iddiaları ilə çıxış etməməklə bağlı hüquqi öhdəlik bu prinsiplərin təməl daşıdır.

Bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib.

“Təəssüf ki, son vaxtlar Ermənistan rəhbərliyinin bir sıra hərəkətləri, o cümlədən Ermənistanın baş nazirinin 2 sentyabr tarixində Qarabağdakı tanınmamış qanunsuz rejimi “müstəqillik günü” münasibəti ilə təbriki, sülh prosesinə ciddi zərbə vurub”, - Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün deklorativ tanınmasına baxmayaraq, faktiki olaraq Ermənistan hakimiyyəti Ermənistan Respublikasının dövlət büdcəsindən bu ərazidə qanunsuz “separatçı xunta”nı, o cümlədən böyük hissəsini Ermənistan Silahlı Qüvvələrinin hərbçilərinin təşkil etdiyi silahlı birləşmələri maliyyələşdirməyə davam edir. 

“Qarabağda Ermənistan tərəfindən dəstəklənən “boz zona”nın bütün perimetri boyu erməni qeyri-qanuni silahlı birləşmələri ərazilərimizdə kütləvi şəkildə minalanma işləri aparır - sanki Ermənistanın 2020-ci ilə qədər torpaqlarımıza qoyduğu 1 milyondan çox mina onlar üçün kifayət etmirdi. Demək olar ki, Ermənistan azərbaycanlılara qarşı minalardan kütləvi qırğın silahı kimi istifadə edir - yalnız 2020-ci ildə 44 günlük müharibədən sonrakı dövrdə 300-dən çox vətəndaşımız dinc terrorun qurbanı olub”.

H.Hacıyev vurğulayıb ki, daha bir ciddi təxribat Xankəndində qanunsuz rejim tərəfindən sentyabrın 9-da qondarma prezident seçkiləri keçirilməsidir.

“Bütün beynəlxalq ictimaiyyət, o cümlədən BMT, eləcə də region ölkələri həm Azərbaycan qanunvericiliyini, həm də beynəlxalq hüquq normalarını kobud şəkildə pozan bu seçkilərin mütləq qanunsuz və qeyri-legitim olduğunu bir daha təsdiqləyib”.

Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan həmçinin Ermənistan silahlı qüvvələrinin sərhəddə və Qarabağda tez-tez hərbi təxribat törətməsindən narahatdır.

“Buna baxmayaraq, Azərbaycan sülh prosesinə sadiqdir və Ermənistanın konstruktiv danışıqlar yoluna qayıtmasını gözləyir. Verilən suala cavab olaraq deyim ki, Azərbaycan sülh yolu ilə nizamlanmaya sadiqdir və gərginliyin artmasında maraqlı deyil. Biz Ermənistan rəhbərliyini Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin dövlətimizə inteqrasiyası prosesinə mane olmamağa və ölkəmizin suverenliyinə xələl gətirməyə çalışmamağa çağırırıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ