Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etməkdir - XİN

“Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etməkdir”.

Bu barədə Xarici İşlər Nazirliyinin bölgədəki son vəziyyətə dair bəyanatında deyilir.

“Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün “Ağdam-Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.

Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir.

Bütün bunlar, xüsusilə də, qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radio-elektron müdaxilələr dözülməzdir və yolverilməzdir.

Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistan və onun rəhbərliyinin üzərinə düşür”, - bəyanatda qeyd olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ