Emin Əmrullayevi devirmək istəyirlər? - Nazirlikdə baş verənlərin pərdəarxası

Elm və təhsil naziri Emin Əmrullayevin personası ətrafında başlayan müzakirələr səngimək bilmir. Təhsil sistemində baş verən neqativ halların ictimailəşdirilməsi gənc nazirin karyerası üçün ciddi təhlükə yaradıb. 

E.Əmrullayev hazırda ölkədə ən çox tənqid olunan hökumət üzvüdür. Nazir təkcə müstəqil və müxalifət mətbuatının, təhsil ekspertlərinin deyil, həm də Milli Məclisin deputatlarının, o cümlədən tabeliyində çalışan ayrı-ayrı şəxslərin də hədəfindədir. Təhsil sektorunda çalışan ayrı-ayrı adamlar tez-tez mətbuatda və sosial şəbəkələrdə nazirin ünvanına tənqidi fikirlər səsləndirirlər. MİQ imtahanları zamanı isə tənqidin dozası bir qədər artırıldı. Hətta imtahan suallarının əvvəlcədən nazirə yaxın kursların iştirakçılarına paylanmasına dair iddialar rəngləri bir qədər də tündləşdirdi.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, indi yaxın ətrafı da E.Əmrullayevin mövqeyinin sarsıldığının fərqindədir. Hətta bu üzdən onu əvəzləmək iddiasına düşənlər də var. 

Elm və Təhsil Nazirliyindəki (ETN) mənbələrdən daxil olan məlumata görə, hazırda bu qurumun rəhbərliyində təmsil olunan 2 nəfər - nazir müavini Həsən Həsənli və ETN-nin Aparat rəhbəri Mətin Kərimli E.Əmrullayevin yerinə keçməyə iddialıdır. 

Mənbə təhsil sektorunda yeni parlayan bu şəxslərin kifayət qədər ciddi qüvvələr tərəfindən himayə olunduğunu bildirib. Onun sözlərinə görə, 32 yaşlı H.Həsənli gənc olmasına rəğmən, təhsil sistemində xeyli məsafə qət edə bilib. O, əvvəlcə ETN-də mütəxəssis, sektor müdiri, sonra isə nazirin müşaviri, Aparat rəhbərinin müavini, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri vəzifələrində çalışıb. 2021-ci ilin iyun ayından 2023-cü ilin 30 yanvar tarixinədək ETN-nin Aparat rəhbəri vəzifəsini tutub. 

1991-ci ildə Naxçıvan şəhərində anadan olan H.Həsənli təhsil sahəsində ciddi mövqelərə sahib olmağa can atan “Naxçıvan klanı”nın son vaxtlar ən çox “stavka” etdiyi gənc və perspektivli kadrlardan biridir. H.Həsənli muxtar respublikada kifayət qədər tanınan bir nəslin təmsilçisidir. Onun babası Namiq Həsənov Naxçıvan Ali Məclisinin sabiq sədri olub. Atası Həbib Həsənov isə uzun müddət Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) rəhbərlik edib. Bu amilləri nəzərdən keçirəndə E.Əmrullayevin gənc rəqibinin kifayət qədər ciddi resurslara malik olduğunu söyləmək mümkündür. 

Nazirin digər rəqibi M.Kərimli də hakimiyyətdə ciddi dayaqlara malik olan şəxs kimi xarakterizə edilir. Onun bioqrafiyası nəinki H.Həsənlidən, hətta nazirin özünün bioqrafiyasından da zəngindir. 1999-cu ildə Bakı Dövlət Universitetinin Beynəlxalq əlaqələr fakültəsini bitirən M. Kərimli 2000–2001-ci illərdə Fransanın Strasburq Universitetində Avropa elmləri üzrə fənlərarası diplom, 2001–2002-ci illərdə Avropa elmləri üzrə magistr dərəcəsi alıb. O, 2012-ci ildə Harvard Universitetini dövlət idarəetməsi ixtisası üzrə magistr dərəcəsi ilə bitirib.

Mətin Kərimli Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının vitse-prezidenti, NATO-nun Müdafiə Siyasəti və Planlaşdırma İdarəsinin Beynəlxalq Katibliyində tərəfdaşlıq zabiti, Azərbaycanın NATO yanında nümayəndəliyində ikinci katib olub. Bundan başqa, Xarici İşlər və Vergilər nazirliklərində müxtəlif vəzifələrdə çalışıb.

O, 2014-2020-ci illərdə Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb. 2020-ci ilin yanvar ayından Beynəlxalq Əmək Təşkilatının Sakit okean hövzəsi ölkələri üzrə ofisinin direktoru olub.

M.Kərimli Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, rus və ispan dillərini də bilir. 

Qeyd edək ki, zəngin bioqrafiyaya malik olan M. Kərimlinin şansını artıran digər mühüm amil isə qardaşı İnam Kərimovun Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri vəzifəsində çalışmasıdır.

Həsənli-Kərimli cütlüyünün E.Əmrullayevi devirməyə gücü çatacaqmı? Hazırda bu suala birmənalı cavab vermək çətin olsa da, nazirin postunu uzun müddət qoruya biləcəyi inandırıcı görünmür. E.Əmrullayevin imicinin zədələnməsində nazirlikdəki rəqiblərinin də müəyyən qədər rol oynadığı bildirilir. ETN-də kifayət qədər yüksək post tutan bu şəxslərin “mətbəx”ə aid bəzi informasiyaların mediaya sızdırılmasına göz yumduğu deyilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ