Sabiq idarə rəisi barədə cinayət işi başlandı - 129 minlik mənimsəmə

Yevlax Rayon Gənclər və İdman İdarəsinin sabiq rəisi Binyamin Musayev cinayət məsuliyyətinə cəlb edilib.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, o, vəzifədə olduğu müddətdə qanunsuzluqlara yol verərək külli miqdarda mənimsəmədə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiq ediblər.

İstintaqla B. Musayevin qeyd olunan vəzifədə işləyərkən 2019-2021-ci illər ərzində işə çıxmayan şəxslərin əmək funksialarını icra etmələri barədə cədvəlləri, habelə mükafaltlandırma, ezamiyyə və qurumun fəaliyyəti ilə bağlı digər rəsmi sənədləri saxtalaşdırmaqla 129 min manatdan artıq məbləğdə dövlət vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında B. Musayevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə yekun ittiham elan olunaraq cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə vurulmuş maddi ziyandan 50 min manatının ödənilməsi təmin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ