İranda həbs olunan Fərid Səfərli danışdı: “Heç bir günahım yoxdur”

İranda casusluq ittihamı ilə həbs olunan Fərid Səfərlidən xəbər var.

Fəridin anası Dilarə Əsgərova Musavat.com-a bildirib ki, oğlu ilə əlaqə saxlaya bilib.

“Oğlumla danışdıq, ona “möhkəm ol, dövlət səviyyəsində müdafiə olunacaqsan”, dedim. O da, cavabında dedi ki, yaxşıdır. Mən kövrəldim danışanda. O, dedi mən möhkəməm, əsl sən möhkəm ol. Yaxşı olacaq hər şey. Mən ona təsəlli verməkdən, o mənə ürək-dirək verdi. Özümə söz vermişdim, ağlamayacağam, amma özümü saxlaya bilmədim”, - deyə Dilarə Əsgərova bildirib.

Dilarə Əsgərova əlavə edib ki, Fərid özünə əmindir:

“Əminliklə dedi ki, heç bir günahı yoxdur. “Həmin maddə ilə ittiham olunmağıma heç bir səbəb yoxdur”, dedi. İnanıram ki, ədalətli qərar çıxarılacaq. Azərbaycan dövləti hazırda bu işlə məşğul olur. Vəkilin tutulması məsələsini də hökumət həll edəcək. Bəlkə də təyin olunub, yəqin ki, mənə məlumat verəcəklər. Dövlət bu işlə bağlı ciddi məşğuldur. Onlar özləri Fəridlə əlaqə saxlayırlar. Konsulluqdan da Fəridlə müntəzəm danışılır. İnanıram ki, hər şey yaxşı olacaq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ