Bakıda metrosuda insanlıq dərsi: Protezli oğlan durdu, sağlam oturdu - FOTO

Bakı metrosunda fiziki məhdud gəncin hərəkəti hər kəsi mat qoyub.

Buta.media-nın məlumatına görə, ayağı protezli bir gənc İçərişəhər metrostansiyasında qatara daxil olub əyləşib.

Onunla bərabər başqa gənclər də oturub. Digər stansiyada uşaqlı qadın qatara daxil olub, fiziki məhdud gənc onlara yer verib, sağlam olan şəxs isə oturmağı davam edib.

Bu barədə Elyar İslamoğlu yazıb:

"Bugün İçərişəhərdən Nərimanova metro ilə gedirdim. Qatarda adətən ayaqüstə durmağı tərcih edirəm. Çünki, yaşlı və ya uşaqlı birini görən kimi ona yer verməyi özümə borc bilirəm. 

Qatara daxil olan kimi əyləşməyə yer olsa da, yenə ayaqüstə, iki qatarı ayıran arakəsməyə dayanaraq gözləyirdim. Təxminən 23-25 yaşlarında bir gənc oğlan qatara daxil oldu və lap yaxınlığımda əyləşdi. Gəncin yerişi biraz fərqli olduğundan diqqətimi cəlb etdi. Əyləşəndə gördüm ayağının biri digərindən arıqdır və ayaqqabısından tam əmin oldum ki, ayağının biri protezdir. Onun yanında da digər gənc oğlanlar əyləşmişdi. 

Bir stansiya sonra qatara uşaqlı qadınlar daxil oldu. Ayağı protez olan gənc oğlan dərhal ayağa qalxdı və uşaqlı qadınlara yer verdi. Amma təəssüf ki, digər sağlam gənc gözlərini yumdu və özünü yatmış göstərdi. Qatarın tutacaqlarından yapışıb ayaqüstə zorla dayanmasına baxmayaraq bir ayağı protez olan gənc isə gülümsəyirdi. Gözlərim doldu, qeyri-adi duyğular keçirdim. 

Bir daha əmin oldum ki, insanın cismani qüsurunun olması ayıb deyil, ayıb olan beyinin, düşüncənin qüsurlu olmasıdır".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ