“Şahed”in izi ilə: Azərbaycan İran dronlarının hücumunu dəf edə bilər?

Azərbaycan ordusunda olan İsrailin hava hücumundan müdafiə sistemləri İranın “Şahed” pilotsuz uçuş aparatları üçün səmanı bağlamaq üçün kifayət qədərdir.

Bu sözləri israilli hərbi ekspert David Qendelman “Haqqin.az” saytına açıqlamasında Ermənistanın İrandan silah almaq istəməsi ilə bağlı mətbuatda yayılan məlumatı şərh edərkən deyib. 

David Qendelmanın sözlərinə görə, Azərbaycan hazırda İranın pilotsuz təyyarələri ilə mübarizə aparmaq üçün “Şahed”lərin çoxlu problemlər yaratdığı Ukrayna silahlı qüvvələri ilə müqayisədə daha böyük və daha yaxşı imkanlara malikdir.

İsrailli hərbi ekspert bildirib ki, bu gün İranın “Şahed-136” PUA-sına qarşı ən təsirli silah İsrailin “Dəmir günbəz” sisteminin son modifikasiyası, həmçinin Azərbaycan ordusunda xidmətdə olan “Barak-8” və mobil “Spyder” hava hücumundan müdafiə sistemləridir.

“Taktiki və texniki xüsusiyyətlərinə görə, hava hücumundan müdafiə sisteminə inteqrasiya olunmuş bu silah növləri istənilən tip pilotsuz təyyarələri, raketləri və s. məhv etmək üçün effektivdir”, - israilli ekspert qeyd edib. 

“Azərbaycanın əlavə silahlar almağa və onları öz hava hücumundan müdafiə sisteminə inteqrasiya etməyə ehtiyac yoxdur. Çünki Bakıda artıq Azərbaycan səmasını İran və digər PUA və raketlərdən qorumaq üçün lazım olan hər şey var”.

Ekspertin fikrincə, aşağı sürətlə və yüksək səslə uçan İranın “Şahed-136” PUA-sının Azərbaycanın hava hücumundan müdafiə sistemini dəf etmək şansı çox azdır.

“İran uzun müddətdir ki, Suriyada istifadə edə bildiyi və Yəməndəki husilərə tədarük etdiyi döyüş PUA-larının hazırlanması və istehsalı ilə məşğul olub”, - deyə israilli ekspert bildirib.

“Tehranın Rusiyanı çoxlu sayda pilotsuz uçuş aparatı ilə nə qədər tez təmin etməsindən məlum oldu ki, iranlılar əvvəlcədən xeyli sayda pilotsuz təyyarə yığıblar. Buradan belə nəticə çıxır ki, uzunmüddətli sanksiyalara baxmayaraq, İranın hərbi sənayesi kifayət qədər inkişaf edib.

Bununla belə, nəzərə almaq lazımdır ki, “Şahed-136” son dərəcə primitiv texniki sursatdır.

Azərbaycan ordusunda olan “Harop” kəşfiyyat PUA-ları əsaslı şəkildə fərqli texnoloji səviyyəli silahlardır”, - deyə ekspert yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ