35 yaşadək oxumalı olduğumuz 10 kitab

Mağaza rəflərinə hər gün saysız-hesabsız kitablar daxil olur. Onların hamısı diqqətə layiq deyil. Lakin elə kitablar var ki, onlardan yan keçmək mümkün deyil. 

Buta.media 35 yaşa qədər hər kəsin oxumalı olduğu kitabların siyahısını toplayıb. Bu kitablar sizə bir çox suallara cavab tapmağa və ətrafınızdakı dünyanı daha yaxşı başa düşməyə kömək edəcəklər.

“1984” - Corc Oruell:  Roman-antiutopiyada Oruell dünya birliyinin mümkün gələcəyini hamının nifrət və qorxu ilə dolu, dözülməz fiziki  və mənəvi əsarət içində olacağı ierarxik totalitar rejim şəklində təsvir edib. Hakim və yeganə partiya üzvü olan Uinston Smit quruluşa olan nifrətini yazmaq üçün haradansa bir gündəlik əldə edir, ancaq hər addımın izlənildiyi, daim teleekranın obyektivində göründüyü bir mühitdə öz fikrini bircə cümlə ilə belə yazmaq acı işgəncələrə və ölüm hökmünə bərabər bir şeydir. Oruell əsərin adını onu qələmə aldığı 1948–ci ilin son rəqəmlərini dəyişməklə verib.

“Bülbülü öldürmək” - Harper Li: Çox təsirli, dramatik romandır. Kitab oxucuları mərhəmət və qəddarlıq, sevgi və nifrətlə qarşı-qarşıya qoyur. Alabamadan olan balaca bir qızın söylədiyi həyat hekayəsi bu vaxtacan 18 milyon nüsxədən çox nəşr olunub, dünyanın 40 dilinə tərcümə edilib. 

“Cinayət və cəza” - Fyodor Dostoyevski: Roman rus milli, mədəni, ictimai tarixinin mürəkkəb dövrlərindən birini əks etdirir. 

“Yüz ilin tənhalığı” - Qabriel Qarsia Markes: Romanda Buendia nəslinin yaranması, yüksəlişi, qürubu və məhvi əks etdirilib. Bu nəslin tarixi – hər bir Buendia üzvünün taleyində bu və ya digər şəkildə təzahür edən tənhalıq hekayətidir.

“Cəsur yeni dünya” - Oldos Haksli: Əsər utopik gələcəyə satirik baxış nümunəsidir. Satirik əsər hesab oluna biləcək bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır. Burada kastalara ayrılma doğumdan əvvəl baş verir. İnsanların yetiş­dirilməsi ilə inkubatoriya məşğul olur. Təhsil prosesində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara isə laqeydlik aşılanır.

“Master və Marqaratia” - Mixail Bulqakov: Əsərdə hadisələr, əsasən, Moskvada cərəyan edir. Burada detallar doğru-dürüst təsvir olunur: ziyalı elitasından ta vətəndaş kütləsinə, qulluqçulara, evdar qadınlara, küçədən keçənlərə, Varyete tamaşaçılarına qədər bütün şəhər əhalisi təqdim edilir. Onlar nə qədər müxtəlif olsalar da, ancaq bir cəhət ümumidir: əslində, onlar nə adamdırlar, nə də “canlıdırlar”, proqramlaşdırılmış varlıqlardır. 

“Böyük Qetsbi” və ya “Möhtəşəm Qetsbi” - Frensis Skott Fitscerald: Roman Amerika ədəbiyyatındakı “Caz Əsri” adlandırılan dövrün ən məşhur və tipik əsərlərindən sayılır. Hadisələr XX yüzilliyin 20-ci illərində Lonq-Aylenddə və Nyu-Yorkda cərəyan edir. Bəllidir ki, Birinci Dünya müharibəsindən sonra Amerika misilsiz iqtisadi çiçəklənmə dövrünü yaşayırdı. Eyni zamanda, spirtli içkilərə qoyulmuş qadağa bir çox butlegerləri milyonçular cərgəsinə çıxarıb, mütəşəkkil cinayətkarlıq üçün geniş imkanlar açırdı. Romanda varlılara və onların eyş-işrətinə dəbdəbəsinə öz heyranlığını gizlətməyən Fitscerald, həm də qeyri-məhdud materializmi, amerikan mənəviyyatını, o cümlədən insan təbiətinə xas olan laqeydlik və biganəliyi məzəmmətləyir.

“Sapiens.Bəşəriyyətin Qısa Tarixi” - Yuval Noah Harari: Yüz min il əvvəl Homo sapiens Yer kürəsində yaşayan ən azı altı insan növündən biri idi və ekosistemdə qorilla, yaxud meduza qədər rol oynayan əhəmiyyətsiz bir heyvan idi. Lakin təxminən 70 min il əvvəl Homo sapiens-in təfəkkür qabiliyyətində baş verən müəmmalı dəyişiklik onu yer kürəsinin ağasına və ekosistemin bəlasına çevirdi. Şüurlu insan dünyanı necə fəth edə bildi? Başqa insan növlərinin başına nə gəldi? Pul, dövlət və din nə vaxt və nə üçün meydana çıxdı? İmperiyalar necə yarandı və süqut etdi? Nə üçün, demək olar ki, bütün cəmiyyətlərdə kişi qadından üstün tutuldu? Elm və kapitalizm müasir dövrün hakim etiqadlarına necə çevrildi? Zaman keçdikcə insanlar daha xoşbəxt oldularmı? Gələcəkdə bizi nə gözləyir?

Yuval Harari tarixin gedişatının insan cəmiyyətini necə formalaşdırdığını izah edir. Onun əsəri keçmişdəki hadisələrlə müasir problemlər arasındakı əlaqəyə işıq salır və oxucunu ətraf dünya haqqındakı bütün təsəvvürləri yenidən gözdən keçirməyə məcbur edir.

“Çovdarda tutan” - Jerom David Salinger: Gənclik və toplumla bağlı maraqlı məqamlar təqdim edən bu kitab insanın özünü axtarma prosesini təsvir edir.

“Hərb sənəti” - Sun Tzu: İki min ildən artıq bir müddətdə Sun Tzunun “Hərb sənəti” liderlərə döyüş taktikası və idarəetmə strategiyaları haqqında tövsiyələr verib. Bu kitab Çin mədəniyyətinin üzvi hissəsi olmaqla bərabər, həm də Qərbin həm hərbi işlərdə, həm biznesdə, həm də adi insan münasibətlərində yaşayış uğrunda mübarizəsinin və uğurlarının məhək daşı rolunu oynayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ