Qlobal hərbi xərclər rekord sürətlə artır - SIPRI

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatına (.pdf) görə, 2023-cü ildə qlobal hərbi xərclər 2,44 trilyon dollara yüksəlib. Son bir il ərzində hərbi xərclər 6,8% artıb, bu da qlobal müdafiə xərclərinin 6% artdığı 2009-cu ildən bəri ən yüksək göstəricidir (.pdf).

“2023-cü ildə qlobal hərbi xərclərin artması, ilk növbədə, Ukraynada davam edən müharibə və Asiya və Okeaniya, eləcə də Yaxın Şərqdə geosiyasi gərginliyin artması ilə bağlıdır”, - hesabatda deyilir. SIPRI müəllifləri qeyd ediblər ki, hərbi xərclər Avropa, Asiya və Okeaniya və Yaxın Şərqdə əsas artımlarla birlikdə bütün beş coğrafi regionda yüksəlib.

Müdafiə xərclərinə görə lider olan ilk beşliyə 2022-ci ildə olduğu kimi eyni dövlətlər daxildir:

◾ ABŞ 2023-cü ildə 916 milyard dollar xərcləyib (ÜDM-in 3,4%-i)

◾ Çin, SIPRI-yə görə, müdafiəyə 296 milyard (ÜDM-in 1,7%-i) ayırıb.

◾ Rusiya 109 milyard (ÜDM-in 5,9%-i) xərcləyib;

◾ Hindistan - 83,6 milyard (ÜDM-in 2,4%-i);

◾ Səudiyyə Ərəbistanı - 75,8 milyard (ÜDM-in 7,1%-i).

Qeyd olunan beş ölkənin üzərinə qlobal hərbi xərclərin 61% düşür. Eyni zamanda, dünya üzrə müdafiə xərclərinin yarısı ABŞ və Çinin payına düşür - qlobal rəqəmin müvafiq olaraq 37% və 12%-i. ABŞ Çindən üç dəfə çox xərcləyir.

İlk onluqda Ukrayna da yer alıb. Kiyev müdafiə xərclərinə 64,8 milyard dollar yatırıb ki, bu da 2022-ci il ilə müqayisədə 51%, Rusiyanın Krımı ilhaq etdiyi 2014-cü ildəkindən isə 1272% çoxdur. Müqayisə üçün: SIPRI-yə görə, Rusiyanın 2023-cü il üçün xərcləri 24%, 2014-cü ildən isə 57% artıb.

SIPRI qeyd edir ki, Rusiya 2023-cü ildə ÜDM-in 5,9%-ni və bütün dövlət xərclərinin 16%-ni hərbi xərclərə yönəldib ki, bu da Sovet İttifaqının dağılmasından sonra qeydə alınan ən yüksək göstəricidir.

“Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma başlamasından sonra RF maliyyə orqanlarının qeyri-şəffaflığının artması səbəbindən 2023-cü ildə Rusiyanın hərbi xərclərinə dair məlumatlar olduqca qeyri-müəyyəndir”, - hesabatda deyilir. Nəşrin müəllifləri qeyd edirlər ki, Rusiyada büdcə vəsaitləri ilə yanaşı, hərbi sektora müəssisələr, fiziki şəxslər və təşkilatlar kimi büdcədənkənar mənbələrdən maliyyə ayrılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ