Fransada Lyudmila Putinanın həyat yoldaşının villası müsadirə olunub

Rusiya prezidenti Vladimir Putinin keçmiş həyat yoldaşı Lyudmila Putinanın hazırkı əri, sahibkar Artur Oçeretnının Fransada Kot d'Azurda villası müsadirə edilib. Bu barədə “Challenges” məlumat yayıb.

“Suzanne” villası 2023-cü ilin dekabrında müsadirə edilib. Müsadirə “Transparency International” təşkilatının Fransa bölməsinin şikayətindən sonra baş tutub - hüquq müdafiəçiləri villanın satın alındığı vəsaitin mənşəyinin yoxlanılmasını tələb ediblər.

Hazırda villada heç kim yaşamır.

“Suzanne” villasının təxmini dəyəri 5,4 milyon avrodur. Bu, səkkiz yataq otağı olan 450 kvadratmetr sahəsi və beş min kvadrat metr bitişik sahəsi olan malikanədir.

Villa barədə ilk dəfə 2017-ci ildə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Reportajı Layihəsinin (OCCRP) jurnalistləri Oçeretnının maliyyəsi ilə bağlı araşdırma dərc etdikdən sonra məlum olub. Jurnalistlərin araşdırdığı sənədlərdən məlum olur ki, malikanə 2013-cü ilin sonunda alınıb.

Vladimir və Lyudmila Putina boşandıqlarını 2013-cü ildə elan ediblər. Lyudmila Putinanın ikinci evliliyi rəsmi olaraq açıqlanmayıb, lakin jurnalistlər onun 2016-cı ildən gec olmayaraq ailə həyatı qurduğunu öyrəniblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ