Conson Britaniyanın baş naziri postuna namizədliyini irəli sürməyəcək

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Liz Trassın istefasından sonra hakim Mühafizəkarlar Partiyasının lideri və hökumət başçısı postlarına namizəd olmaqdan imtina edib.

“Düşünürəm ki, 2024-cü ildə keçiriləcək [ümumi] seçkilərdə Mühafizəkarlar Partiyasını qələbəyə çatdırmaq üçün yaxşı şansım var. Mühafizəkarlar Partiyasının üzvləri arasında [partiya] seçkilərində uğur qazanmağım və cümə günü [28 oktyabr] “Downing Street”ə qayıda biləcəyim üçün yaxşı şans var. Amma son bir neçə gündə mən belə qənaətə gəldim ki, bu, səhv olardı”, - deyə keçmiş baş nazir bildirib.

O həmçinin qeyd edib ki, 102 mühafizəkar deputatın səsini qazanıb, və bununla da formal olaraq baş nazir postuna namizədliyini irəli sürməyə imkan əldə edib. Eyni zamanda Conson vurğulayıb ki, o, baş nazir postuna digər namizədlərlə - keçmiş maliyyə naziri Rişi Sunak və Britaniya parlamentinin İcmalar Palatasının rəhbəri Penni Mordauntla əlaqə saxlayıb. Keçmiş baş nazir milli maraqlar naminə birgə iş barədə razılığa gəlmək niyyətində olsa da, tərəflər ortaq məxrəcə gələ bilməyib.

“Qorxuram ki, ən yaxşı seçim mənim namizədliyimi irəli sürməmək və gələcək qalibə dəstək ifadə etmək olardı. İnanıram ki, təklif edə biləcəyim çox şey var, amma qorxuram ki, bu, sadəcə olaraq doğru zaman deyil”, - Conson yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ