Jah Khalib: Azərbaycanda yaxşı qız tapmaq asan olacaq

Rusiyanın tanınmış ifaçısı Jah Khalib (Bəxtiyar Məmmədov) Bakı Konqres Mərkəzində solo konsert proqramı ilə çıxış edib.

 

Oxu.Az xəbər verir ki, səhnədəki çıxışına bir saat qalmış Khalib jurnalistlərin suallarını cavablandırıb.

 

Atası azərbaycanlı, anası qazax olan Jah Bakı konsertini özəl hesab etdiyini dilə gətirib.

 

“Bakını xüsusi şəhər adlandıra bilərəm. Bilirsiniz ki, biz - yaradıcı insanlar bir qədər fərqli oluruq.

 

Yaradıcılıq böhranı və ya həyatımda hər hansısa anlaşılmazlıqlar baş verdikdə Bakıda yaşayan dostuma zəng edirəm. Sadəcə, ona zəng edirəm və deyirəm ki, “Necəsən?” O artıq başa düşür ki, mən Bakıya gəlmək istəyirəm. Mənim ruhum burada sakitlik tapır.

 

Bakı mənim üçün, ilk növbədə, doğma Vətəndir. Bəli, mən Qazaxıstanda böyümüşəm, qazax mental dəyərləri ilə tərbiyə almışam. Bakı isə mənim evimdir”. 

 

Şəxsi həyatından danışan Khalib gələcək həyat yoldaşının Azərbaycandan ola biləcəyi ehtimallarından da bəhs edib.

 

“Düşünürəm ki, artıq yavaş-yavaş ailə həyatına hazır oluram. Hazırda Moskvada tək yaşayıram. Hiss edirəm ki, mənə yanımda olacaq bir insan lazımdır. Əminliklə deyə bilərəm ki, bu il ailə qurmağa hazıram. Yaxşı ailədən olan tərbiyəli qızla evlənəcəyəm.

 

Çox güman ki, Azərbaycanda yaxşı qız tapmaq daha asan olacaq, çünki Şərq insanları məişət məsələlərinə yetərincə önəm verirlər”. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ