Dünən Abşeron rayonu Hökməli qəsəbəsində nişanlısı tərəfindən boğazı kəsilərək qətlə yetirilən 16 yaşlı H.Rəcəbovanın orta təhsili yarımçıq qalıbmış.
Hökməli qəsəbə tam orta məktəbindən “Qafqazinfo”ya bildirilib ki, H.Rəcəbova 2021-ci ildə 8-ci sinifdə oxuyarkən ailəsinin tələbi ilə təhsilini yarımçıq qoyub: “Onun atası bir müddət əvvəl vəfat edib, qapalı ailə olduqları üçün anasını çölə buraxmırlar. Nənəsi orta məktəbə gəlib təkidlə nəvəsinin məktəbdən çıxarılmasını tələb etdi. O, nəvəsinin nişanlandığını və 8-ci sinifdən sonra təhsilə davam etməyəcəyini bildirdi. Bundan sonra H.Rəcəbovanın məktəbdən çıxarılmasını aktlaşdırdıq və məktəbi tərk etdi”.
Qeyd edək ki, ailənin H.Rəcəbovadan başqa bir oğlu var.
Hökməli məscidinin qarşısında nişanlısı tərəfindən öldürülən H.Rəcəbova ötən gün axşam saatlarında dəfn edilib. Onun dekabrın 12-də 16 yaşı tamam olacaqdı.
Hadisəni törədən 1996-cı il təvəllüdlü Murad Həsənov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb.