Dövlət qurumları iş saatını dəyişsə, tıxaclar azalar...

Millət vəkili Vüqar Bayramov son dövrlər paytaxt yollarında artan sıxlıq və tıxaclarla bağlı problemin həlli üçün təkliflər irəli sürüb.

V.Bayramov ölkədəki avtomobillərin 70 faizinin Bakıda cəmləşdiyini bildirib və bunun dövlət üçün ciddi problem olduğunu vurğulayıb:

“Bu ilin yanvar ayına olan məlumata görə, Azərbaycanda minik avtomobillərin sayı 1 milyon 349 minə çatıb. Ümumi avtomobillərin sayı isə 1.7 milyondur. Ötən il ölkəyə 84 min 765 minik avtomobili idxal olunub. Bu ilin ilk 9 ayında isə sahibkarlar Azərbaycana 45 min 519 avtomobil gətiriblər. Avtomobillərin sayında son illər artım müşahidə olunsa da, Azərbaycan hər min nəfərə düşən avtomobillərin sayına görə dünyada heç də maşın sayının çoxluğu olan ölkələr sırasında yer almır.

Azərbaycanda hər min nəfərə 170 maşın və ya 135 minik avtomobili düşür. Bu göstəriciyə görə ölkəmiz dünyada 107-cidir. İnkişaf etmiş ölkələrdən adambaşına görə ən çox avtomobilə sahib olan dövlətlər Yeni Zenlandiya və ABŞ-dir. Hər min nəfərə həmin ölkələrdə müvafiq olaraq 897 və 868 avtomobil düşür. Region ölkələrdən Rusiya 397 avtomobil ilə dünyada 55-ci, Gürcüstan 378 avtomobil ilə 61-ci, Moldova 363 avtomobil ilə 63-cü, Belarus 343 avtomobil ilə 70-ci, Qazaxıstan 207 avtomobil ilə 94-cü, Qırğızstan 201 avtomobil ilə 97-ci, Özbəkistan 87 avtomobil ilə 130-cu yerdədir. Rəqəmlərin müqayisəsi də göstərir ki, Azərbaycanda hər min nəfərə düşən avtomobillərin sayı əksər region ölkələri ilə müqayisədə çox deyil”.

V.Bayramov əlavə edib ki, son 20 ildə Bakının infrastrukturunun kəskin inkişafı qeydə alınıb, lakin tıxaclar iqtisadiyyata ciddi ziyan vurur: “Aydındır ki, infrastruktur genişlənməsəydi, o zaman daha kəskin tıxaclar müşahidə oluna bilərdi. Bu baxımdan, infrastrukturun inkişafı vacib idi və Bakı bu kontekstdən regionda seçilən şəhərlərdəndir. Həmçinin tıxacların əsas səbəblərindən biri ölkədəki minik avtomobillərinin 70 faizindən çoxunun Bakıda istifadə olunmasıdır. Hər min nəfərə düşən avtomobillərin şəhərlər üzrə rəqəmləri göstərir ki, Bakı regionda ən çox avtomobilin istifadə olunduğu yaşayış məntəqələrindəndir- baxmayaraq ki, ölkə üzrə göstərici tamamilə fərqlidir. Bu baxımdan, tıxaclar əsasən Bakıda müşahidə olunur. Hətta digər iri şəhərlərimizdə belə bu hələlik ciddi çətinlik hesab olunmur. Tıxaclar iqtisadi fəaliyyətə də neqativ təsir göstərir. Belə ki, tıxaclarda itirilən zaman həmçinin əksər hallarda iqtisadi dəyər yaratmayan vaxt intervalıdır. CNN kanalının hesablamarına görə, ABŞ-nin iri şəhərlərində hər sürücü il ərzində 97 saat tıxacda qalır. Ən çox zaman Los-Angelisdədir: 129 saat. Dünyada ən pis göstərici isə Moskva şəhərinə aiddir: hər sürücü ildə 250 saatı tıxacda keçirir".

Millət vəkili problemin həlli üçün təkliflər irəli sürüb: "İnfrastrukturun genişləndirilməsi vacibdir və bu istiqamətdə işlərin davam etdirilməsi təqdirəlayiqdir. Bununla yanaşı, heç bir ölkə sadəcə inkişaf etmiş infrastrukturla tıxac problemini həll edə bilməyib. Digər və xüsusən dolayı hesab olunan tədbirlərə ehtiyac var. Əksər inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, iş saatlarının dəyişdirilməsi tıxacların aradan qaldırılması və sıxlığın azaldılması baxımdan vacib hesab olunur. Əksər Qərb ölkələrində olduğu kimi dövlət, özəl və təhsil müəssisələrinin fərqli iş saatlarında işə başlaması və fərqli saatlarda işi başa çatdırması imkan verir ki, vətəndaşalar tıxacda az zaman sərf etsinlər. Bu da xüsusən avtomobildən istifadə edərək işə gələnlərin yanacağına qənaət deməkdir. Bakıda əksər dövlət və özəl sektor eyni vaxtda işə başlayır və iş saatı da eyni zamanda başa çatır. Bu da tıxacı artıran səbəblərdəndir. Bu baxımdan, dövlət sektorunun özəl sahəyə nisbətən daha tez işə başlaması və müqayisəli şəkildə əmək gününü daha tez bitirməsi tıxacları müəyyən qədər azalda bilər. Hətta dövlət sahəsində sektoral yanaşmanın da tətbiq edilməsi mümkündür. Oxşar mexanizm özəl sektor üçün də tövsiyə oluna bilər.

Digər metod bir sıra təhsil müəssisələrin növbəli şəkildə paytaxtdan kənara köçürülməsidir. ABŞ-da aparıcı universitetlərin böyük əksəriyyəti kiçik şəhərlərdə yerləşir. Bu iri şəhərlərdə tıxacın azaldılmasına xidmət etməklə yanaşı, kiçik yaşayış məntəqələrin də inkişafını stimullaşdırır. İctimai nəqliyyatda xidmət keyfiyyətinin və tezliyin yüksəldilməsi Avropa ölkələrində tıxacın azaldılmasına xüsusi töhvə verib. Bakıda bu sahədə islahatların genişləndirilməsi və ictimai nəqliyyatdan istifadənin stimullaşdırılması olduqca vacibdir.

Bütövlükdə, tıxacın azaldılması üçün alternativ metodlardan daha çox istifadə edilməsi olduqca vacibdir. Bir sıra ölkələrdə hətta bu problemin həlli üçün ayrıca proqramlar hazırlanıb və işçi qrupları fəaliyyət göstərir. Bu baxımdan, bu sahədəki tədbirlərin əlaqələndirilməsi və ünvanlığın artırılması tıxaclara qarşı mübarizəni gücləndirə bilər".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ