Deputat: Prezidentlə görüşdə biri dədəsinə heykəl istədi, biri...

Bakıda keçiriləcək Avropa Liqasının finalı və AVRO-2020-nin iştirakçılarının gəlir vergisindən azad edilməsi təklif edilir. 

Buta.media-nın məlumatına görə, Qafqazinfo xəbər verir ki, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi məsələsi  parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb. 

Layihənin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa qeyd edib ki, idmanla yanaşı başqa digər sahələrə də güzəştlər edilməlidir: 

“Məsələn, mədəniyyət və incəsənət xadimləri prezidentlə görüşlərində ictimai məsələləri yox, öz problemlərini qaldırdılar. Biri dədəsinə heykəl istədi, biri küçəyə ad verilməsini istədi. Ancaq biri demədi ki, kitaba tətbiq oluna 18 faizlik ƏDV aradan qaldırılsın. Qonşu ölkələrdə bu ƏDV aradan götürülüb.

Bu günlərdə görkəmli şair Musa Yaqub müsahibəsində deyib ki, onu heç yana müalicəyə göndərən yoxdur. Hələ mən Musa Yaquba, Ramiz Rövşənə xalq şairi adının verilməsi məsələsinə toxunmuram. Təkcə idmanla kifayətlənmək olmaz. Biz yaradıcı insanların bütün sahələrdə dəyərini verməliyik”.

Dəyişiklik layihəsi səsə qoyularaq qəbul edilib. 

Qeyd edək ki, mədəniyyət və incəsənət xadimləri prezidentlə görüşndə Əməkdar artist Tahir İmanov babası, bəstəkar Süleyman Ələsgərovun adına bir küçə verilməsini xahiş etmişdi. Görüşdə milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevə heykəl ucaldılması da təklif edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ