Rusiya prezidenti Vladimir Putin oktyabrın 10-da səhər saatlarında Ukrayna şəhərlərinin atəşə tutulmasının Kerç boğazında Krım körpüsündə törədilən terror aktına cavab olduğunu bildirib.
Putin bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının operativ iclası zamanı bildirib.
“Bu gün səhər Müdafiə Nazirliyinin təklifi və Baş Qərargahın planına əsasən, Ukraynanın enerji, hərbi komandanlıq və rabitə obyektlərinə uzaqmənzilli dəqiq silahlarla kütləvi raket zərbələri endirilib”, - deyə o bildirib.
Rusiya lideri zərbəni Kiyevin hərəkətlərinə cavab adlandırıb: onun sözlərinə görə, Ukrayna xüsusi xidmət orqanları “Kursk AES-ə qarşı üç terror aktı həyata keçirib” və “Türk axını”nı sarsıtmağa cəhd ediblər.
Putin həmçinin qeyd edib ki, Ukraynanın “terror aktları” davam edərsə, Rusiyanın cavabları “miqyas baxımından ölkəyə qarşı yaranan təhdidlərin səviyyəsinə uyğun olacaq”.
Bazar ertəsi səhər Ukrayna hakimiyyəti Kiyevdə və Ukraynanın digər şəhərlərində partlayışların baş verdiyini bildirib. Ukrayna prezidenti Volodimir Zelenski Telegram kanalında yazıb ki, bütün Ukrayna ərazisində hava hücumu xəbərdarlığı elan edilib. Kiyev, Lvov və İvano-Frankovsk vilayətlərinin hakimiyyət orqanları mühüm mülki və enerji infrastruktur obyektlərinin zədələndiyini bildiriblər. Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti ölən və yaralananların olduğunu bəyan edib.