“ATV” və “MTV” kanallarına xəbərdarlıq edildi

Bu gün Audiovizual Şuranın onlayn formatda iclası keçirilib.

İclasda "ATV" və "MTV" kanallarının efirində baş vermiş qanun pozuntuları ilə bağlı hallar müzakirə olunub.

İlk olaraq ümumölkə yerüstü televiziya yayımçısı olan "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasının "ATV" redaksiyasının (kanalının) efirində 04.10.2022-ci il tarixdə "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.15-ci maddəsinin tələbinin ("Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir) pozulması faktı müzakirə olunub.

Belə ki, "ATV" redaksiyasının (kanalının) efirində 04 oktyabr 2022-ci il tarixdə saat 13.10 – 13.50 arası yayımlanan "Çukur" serialında saat 13.16-da zorakılıq səhnəsi (insana xüsusi alətlə fiziki zorakılıq tətbiq edilərək xəsarət yetirilməsi və həmin insanın iztirab çəkməsi səhnələri) açıq nümayiş etdirilib. Bu isə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.3.1-ci maddəsinin tələbinə (müəyyən yaş qrupuna aid uşaqlar arasında dövriyyəsi məhdudlaşdırılan zorakılığı və qəddarlığı nümayiş edən informasiya) ziddir.

Daha sonra peyk yayımı həyata keçirən platforma yayımçısı olan "Muz TV Azərbaycan" MMC-nin "MTV" redaksiyasının (kanalının) efirində 03.10.2022-ci il tarixdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununun 4.2.1-ci maddəsinin tələbinin (zorakılığı və qəddarlığı təbliğ edən informasiya) pozulması faktı müzakirə olunub.

Belə ki, "MTV" redaksiyasının (kanalının) efirində 03.10.2022-ci il tarixdə saat 13.10–16.00 arası yayımlanan "Ümid ilə gəl" proqramında xanım müəllimlə aparıcı Tarix Əliyev (Tolik) arasında müəllimin şagirdləri döyməsi ilə bağlı dialoq olmuş və həmin dialoq zamanı aparıcı tərəfindən bu cür davranışlar təqdirlə qarşılanıb. Bu fakt "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Qanunun 4.2.1-ci maddəsinə əsasən zorakılığı və qəddarlığı təbliğ edən informasiyaya aiddir. Həmin Qanunun 9.2.2-ci maddəsinə əsasən 4.2-ci və 4.3.4-cü maddələrində nəzərdə tutulan, müvafiq olaraq "18+" və "16+" yaş kateqoriyalarına aid informasiya məhsullarının yerli vaxtla saat 6-dan saat 23-dək yayımına məhdudiyyət qoyulur. "Media haqqında" Qanunun 14.1.15-ci maddəsinə əsasən "Uşaqların zərərli informasiyadan qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tələblərə əməl edilməlidir.

Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası qeyd olunan pozuntu faktlarına əsasən ümumölkə yerüstü televiziya yayımçısı "Azad Azərbaycan" Müstəqil Tele-Radio Kompaniyasına ("ATV" redaksiyası) və peyk yayımı həyata keçirən platforma yayımçısı "Muz TV Azərbaycan" MMC-ə ("MTV" redaksiyası) belə halların təkrarlanacağı təqdirdə ciddi inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı  xəbərdarlıq edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ