Rusiya ordusu Ukraynada sürətlə geri çəkilir - xəritə

Rusiya Müdafiə Nazirliyi gündəlik brifinq zamanı Ukraynada döyüş əməliyyatlarının xəritəsini göstərib. Xəritəyə əsasən, RF qoşunları Xarkov vilayətini demək olar ki, tamamilə tərk ediblər və Xerson vilayətinin şimalında geri çəkiliblər. 

Təqdim olunan xəritəyə əsasən, Xarkov vilayətində Dvureçnoye kəndinin şimal-şərqində Rusiyanın nəzarəti altında kiçik bir ərazi qalıb. Bir gün əvvəl Müdafiə Nazirliyi Oskol çayının şərqindəki bölgənin bütün ərazisinin Rusiyanın nəzarəti altında olduğunu iddia edib. Buradan belə nəticə çıxır ki, oktyabrın 3-dən 4-dək Ukrayna Silahlı Qüvvələri Rusiyanın nəzarətində olan regionun ərazisinin təxminən üçdə ikisini azad edib.

Həmçinin Rusiya qoşunlarının Xerson vilayətinin şimalında geri çəkilməsi də diqqətdən yayılmayıb. Bir gün əvvəl xəritədə cəbhə xətti Davıdov Brod, Dobryanka və Zolotaya Balka yaşayış məntəqələri ərazisindən keçirdi. Oktyabrın 4-də Müdafiə Nazirliyi Davıdov Brod və Dudçanı arasındakı xəttə qədər olan ərazinin Rusiya ordusunun nəzarəti altında olduğunu göstərib. Belə ki, rayonda cəbhə xətti təxminən 30 kilometr cənuba doğru dəyişib.

Ukrayna Müdafiə Nazirliyi Xerson vilayətinin Davıdov Brod kəndininin işğaldan azad edildiyini təsdiqləyib.

Avqustun sonu - sentyabrın əvvəlində Ukrayna genişmiqyaslı əks-hücum əməliyyatına başlayıb, bunun nəticəsində bir sıra iri yaşayış məntəqələri azad olunub, xüsusən Xarkov vilayətinə nəzarəti demək olar ki, tamamilə bərpa edilib.

Sentyabrın 11-də Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib ki, sentyabrın əvvəlindən ordu Ukraynanın nəzarəti altında olan üç min kvadrat kilometrdən çox ərazini geri qaytarıb.

Ukraynanın cəbhə xəttində uğurları fonunda Rusiyada entyabrın 21-də səfərbərlik elan edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ