Bakıda şagirdlərə konfet kağızına bükülmüş şəkildə narkotik paylanması xəbəri doğrul deyil.
Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, məktəblərdən birində şagirdlərə guya konfetə bükülmüş formada narkotik vasitələrin paylanıldığı barədə sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb:
“Aparılmış araşdırmalar zamanı qeyd edilən görüntünün Xətai rayonundakı məktəblərin birində təhsil alan 12 yaşlı şagird tərəfindən çəkildiyi müəyyən edilib. Həmin şagird valideyninin iştirakı ilə aparılan profilaktiki söhbətə cəlb olunub. O, konfetin üzərinə müxtəlif ədviyyatlar qataraq qeyd edilən fotonu çəkdiyini bildirib.
Daha sonra guya “narkotik”in məktəbin ətafında tanımadığı şəxs tərəfindən ona verildiyi barədə yalançı təəssürat yaradaraq həmin məlumatı sosial şəbəkələrdə məhşurlaşmaq üçün yayıb. Valideynlərdən sosial şəbəkələrdə və “whatsapp” qruplarında özündə heç bir reallığı əks etdirməyən həmin məsələ barədə olan səs yazılarına etibar etməməyi və yaymamağı xahiş edirik”.
16:29
Bakıda 95 nömrəli orta məktəbdə dərman formasında olan narkotik maddənin şəhid ehsanı adı ilə uşaqlara paylanması iddiası yayılıb.
Bu barədə vatsapda valideyn qruplarında foto paylaşılıb. Qeyd olunur ki, şagird ona konfet formasında təklif olunan narkotik-konfeti yeməyib və bu barədə valideyninə məlumat verib.
Sözügedən məktəbdən bildirilib ki, məsələ ilə əlaqədar artıq araşdırma başlayıb: “Müvafiq tədbirlərin görülməsi məqsədilə məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunub”.
Daxili İşlər Nazirliyi (DİN) görüntülərlə bağlı araşdırmaya başlayıb.