Azərbaycan sülh müqaviləsinin elementlərini Ermənistana təqdim edib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 3-də Cenevrədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İsveçrə Konfederasiyasının xarici işlər üzrə dövlət katibi Livia Leu arasında görüş keçirilib. C.Bayramov İsveçrə tərəfinə Ermənistan xarici işlər naziri ilə görüşə ev sahibliyi etdiklərinə görə minnətdarlıq bildirib.
Nazir görüşün nəticələri ilə bağlı öz təəssüratlarını İsveçrə tərəfi ilə bölüşüb. Səylərin postmünaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyəti vurğulanıb, bu istiqamətdə tərəfimizdən müqavilənin elementlərinin Ermənistan tərəfinə təqdim olunduğu qeyd edilib.
Bununla yanaşı, normallaşma prosesində mövcud çətinliklər, delimitasiya və kommunikasiya xəttlərinin açılması məsələləri, habelə Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsi barədə qarşı tərəf məlumatlandırılıb.
L.Leu bölgədə normallaşma prosesinin davam etməsinin, hərbi toqquşmalardan çəkinməyin vacib olduğunu bildirib. İsveçrə tərəfinin neytrallıq prinsiplərinə əsaslanaraq Azərbaycanla Ermənistan arasında sülh prosesinə töhfə verməyə daim hazır olduğunu diqqətə çatdırıb.
Görüş zamanı gələcək danışıqların perspektivləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.