Azərbaycanda ölmüş şəxsə cərimə yazıblar. Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
Belə ki, vəfat etmiş Sabirabad sakini Əliyev Elman Mirzəcan oğluna məxsus 52-BE-799 dövlət nömrə nişanlı “Moskviç” markalı avtomobilinə texniki baxışdan keçmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 339.1-1 maddəsi ilə 19.09.2022-ci il gecə saat 00:51 radələrində Sabirabad-Hacıqabul yolunun 46,2-ci km-də tərtib edilmiş 50 manatlıq cərimə protokolu Sabirabad Rayon Dövlət Yol Polisi İdarəsindən poçt vasitəsilə onun vaxtilə yaşadığı ünvana göndərilib.
Mərhumun oğlu Əliyev Cavid Elman oğlu bildirir ki, atası 20.06.2018-ci ildə vəfat edib. O deyir ki, atasının idarə etdiyi avtomobilin dövlət nömrə nişanı eyni olsa da, rəngi ağ olub:
“Sabirabad rayonu Hacıbəbir kənd sakini Əliyev Elman Mirzəcan oğlu üç il öncə vəfat edib. O necə avtomobil sürə bilər? Atamın adında olan maşın 15 il bundan əvvəl istismara yararsız kimi qeydiyyata alınıb, silinib gedib. Nömrə uyğun gəlir, amma maşın hazırda işləmir. Məsələnin araşdırılmasını tələb edirik”.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev Oxu.Az-a bildirib ki, sözügedən hadisədən məlumatlıdırlar:
“Məsələ araşdırılıb və məlum olub ki, başqa bir sürücü kustar üsul ilə 54-BL-799 dövlət nömrə nişanlı “KamAZ” markalı nəqliyyat vasitəsinin dövlət nömrə nişanını dəyişdirib 54-BE-799 etdiyi üçün sistemdə belə bir texniki səhv baş verib. Səhv sistemdə düzəldilib və cərimə həmin şəxsin adından silinib. Kustar üsulla nömrəni dəyişən sürücünün kimliyi müəyyən olunub. Onun barəsində qanuna uyğun formada ciddi tədbirlər görüləcək”.
Eyni zamanda, qurumdan bütün sürücülərin diqqətinə çatdırılıb ki, bənzər qanun pozuntusuna yol verənlər barəsində ciddi tənbeh tədbirləri görüləcək.