İranda təhlükəsizlik qüvvələri ictimai fəal və etiraz aksiyalarının təşkilatçısı olan 20 yaşlı Hədis Nəcəfini öldürüb.
Bu barədə iranlı jurnalist Məsih Əlinejad məlumat verib.
“Onun adı Hədis Nəcəfi idi. Bacısı mənə dedi ki, qızın cəmi 20 yaşı var və Kərəc şəhərində sinəsindən, üzündən və boynundan 6 güllə yarası alıb”, - jurnalist Twitter hesabında yazıb.
O xatırladıb ki, Hədis Nəcəfi etiraz aksiyalarından əvvəl hicabsız dayanaraq sarı saçlarını topuz halına salan videodan sonra məşhurlaşıb. Bir həftə davam edən etirazlarda 50 nəfərin öldüyü bildirilir. “Amnesty İnternational” ölənlərdən dördünün uşaq olduğunu qeyd edib.
İranın müdafiə naziri Əhməd Vahidi deyib ki, iğtişaşçılar asayişi və təhlükəsizliyi pozur və nəyin bahasına olursa olsun dayandırılmalıdır. Onun sözlərinə görə, Məhsa Əmininin ölümünə polis tərəfindən döyülmə səbəb olmayıb.