İngilislər Kraliça II Elizabetin ölümü ilə bağlı olan Nostradamusun proqnozları kitabını kütləvi şəkildə almağa başlayıblar. Bu barədə The Sunday Times nəşri məlumat verir.
Nəşrin məlumatına görə, sentyabrın 11-dən 17-dək yazıçı Mario Ridinqin 2006-cı ildə nəşr olunmuş “Nostradamus: Gələcəyin tam peyğəmbərlikləri” kitabını səkkiz min nəfər alıb. Britaniya monarxının ölümündən bir həftə əvvəl isə yalnız beş nüsxə satılmışdı. Beləliklə, əsər qəzetin tərtib etdiyi bestsellerlər siyahısında birinci olub.
“Sunday Times” qəzetinin yazdığına görə, bu qədər populyarlığa kitabdan çıxarışlar səbəb olub. Xüsusilə, proqnozların birində deyilir ki, “Kraliça II Elizabet təxminən 2022-ci ildə 96 yaşında öləcək”. Həmçinin həmin proqnozda bildirilir ki, onun oğlu Çarlz kral olacaq, lakin daha sonra öz oğlunun xeyrinə taxtdan imtina edəcək.
Britaniya kraliçasının ölümü barədə sentyabrın 8-də məlum olub. II Elizabet 96 yaşında Şotlandiyanın Balmoral qəsrində vəfat edib. Bundan sonra onun cəsədi Londona aparılıb. Monarxın dəfn mərasimi sentyabrın 19-da Londonda keçirilib.
Böyük Britaniyanın yeni kralı onun böyük oğlu 73 yaşlı Çarlz olub.