Əsirlərin mübadiləsi çərçivəsində Kiyev siyasətçi Viktor Medvedçuku və 55 Rusiya əsgərini Moskvaya təhvil verib. Bu barədə telemarafonun efirində Ukrayna Təhlükəsizlik Xidməti və prezident aparatının rəhbəri Andrey Yermak məlumat verib.
Yermakın sözlərinə görə, Medvedçuk 215 Ukrayna əsgəri, o cümlədən Mariupolda “Azovstal” zavodunun müdafiəçiləri və “Azov” alayının komandanlığı ilə dəyişdirilib. Həmçinin Ukrayna tərəfində döyüşən və əsir düşən 10 əcnəbi geri qaytarılıb.
Bildirilir ki, Medvedçukun qaytarılması onun məhkəmədə işlərinə baxılmasına mane olmayacaq.
“Çətin proses idi. Sərbəst buraxılan 215 döyüşçü Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki işinin nəticələri də daxil olmaqla, düzgün taktikanın nəticəsidir”, - deyə Ukrayna prezidentinin ofisinin rəhbəri yazıb.
Həmçinin qeyd olunur ki, ötən gün Kiyev və Moskva arasında əsirlərin rəsmi mübadiləsi zamanı Ukrayna tərəfinə qaytarılanlar arasında azərbaycanlı da var.
Belə ki, əsirlərin dəyişdirilməsi nəticəsində Ukrayna Silahlı Qüvvələrinin hərbi qulluqçusu Babayev Rüstəm Arif oğlu Ukraynaya qaytarılıb.
23 yaşlı R.Babayev əsirlikdən azad edilən 215 hərbçidən biridir.
Volodimir Zelenski özü “Azov komandanlığı ilə videobağlantı vasitəsilə danışıb. O bildirib ki, mübadilə şərtlərinə görə, beş alay komandiri müharibənin sonuna qədər Türkiyədə olacaq. Onlar Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın şəxsi himayəsi altında qalacaqlar.
“İnsanlarımızı evə gətiririk. Bu, mütləq dövlətimizin, bütün cəmiyyətin qələbəsidir. Ən əsası isə öz yaxınlarını təhlükəsiz şəraitdə görə biləcək 215 ailə üçün”, - deyə Zelenski videomüraciətində bildirib.
Türkiyə prezidenti də öz növbəsində qeyd edib ki, Moskva ilə Kiyev arasında əsir mübadiləsi Ankaranın vasitəçiliyi ilə baş tutub və müharibənin dayandırılması istiqamətində mühüm addımdır.
Rusiyada tərəfi hələlik heç bir şərh verməyib.