Bu son deyil: Rusiya Ukrayna ilə müharibədə ən böyük məğlubiyyətini aldı

Ukrayna Xarkov vilayətinin cənub və şərqindəki əks-hücum zamanı beş gün ərzində bütün məqsədlərinə nail olub. Mühasirə təhlükəsi altında olan Rusiya qoşunları sentyabrın 8-də Balakleya şəhərini, sentyabrın 10-da isə Rusiya Müdafiə Nazirliyinin regiondakı əsas arxa bazası olan Kupyansk şəhərinin qərb hissəsini tərk edib.

Həmçinin sentyabrın 10-na keçən gecə Rusiya Silahlı Qüvvələri (RF Silahlı Qüvvələri) bütün bu qruplaşmalırın qərargahının yerləşdiyi İzyum şəhərindən də çıxıb. Bundan əlavə onlarla kənd və qəsəbə, yüzlərlə hərbi texnika, tonlarla döyüş sursatı itirilib. Rusiya ordusu 2022-ci ilin martından bəri böyük çətinliklə əldə etdiyi hər şeydən məhrum olub. Hazırda RF qüvvələrinin Donbasa qarşı şimaldan yeni hücuma başlamaq imkanı yoxdur. 

Bəs bu necə baş verdi?

Ukrayna qoşunları Balakleya və Çuqevdən keçərək sentyabrın 9-da Kupyanskın qərb kənarına çatdılar. Onlar raket hücumu ilə Oskol çayı üzərindən avtomobil körpüsünü zədələməyə nail olublar ki, bu da Ukrayna Silahlı Qüvvələrinin şəhərə daxil olmasına mane olmağa çalışan Rusiya qoşunlarının təchizatını çətinləşdirib. Sentyabrın 10-na keçən gecə Rusiya qoşunları şəhərin şərq hissəsinin yerləşdiyi Oskol çayın;n digər tərəfinə çəkiliblər və burada yeni müdafiə xətti yaratmağa çalışıblar. Həmçinin, RF Silahlı Qüvvələri şəhərin şimalına, Ukrayna-Rusiya sərhədinə doğru (Xarkov vilayəti Belqorodla həmsərhəddir) Ukraynanın hücumunu dayandırmağa çalışır.

Balakleya rayonunda müdəfiə xəttini yarıb keçən Ukrayna qüvvələrinin daha bir qrupu sentyabrın 9-da Kupyanskın cənubundakı Oskol çayına (Oskol su anbarı) çataraq İzyum bölgəsində yerləşən Rusiya qoşunlarının böyük bir qrupu arasında bütün əlaqəni kəsib. Bu qrup bir neçə aydır ki, Donbasda Slovyanskda irəliləməyə çalışırdı.

Kupyanskdan 50 kilometr cənubda yerləşən İzyum şəhərini “böyük torpaqla” birləşdirən yeganə yol (eyni adlı şəhərin yaxınlığındakı Oskol çayı üzərindəki yeganə körpüdən keçir) Ukrayna qoşunlarının sıçrayışından sonra təhlükə altında qalıb: Ukrayna qüvvələri Oskolun axdığı Severski Donets çayını keçərək Limana tərəf irəliləyiblər. Limanı ələ keçirməyi bacarsaydılar Ukrayna ordusu şimala qısa bir hücumla İzyum şəhərinin sonuncu təchizat xəttini kəsə bilərdilər (Rusiya Müdafiə Nazirliyi İzyumdan sürətlə geri çəkilməyə qərar verdiyi üçün bu artıq baş verməyəcək).

Buna görə sentyabrın 10-na keçən gecə Rusiya komandanlığı mühasirə təhlükəsi altında qalan bu dəstəni təxliyə etdi. Həmin gün Ukrayna qoşunları İzyumun şimal kənarına yaxınlaşsalar da, axşama doğru şəhərin azad edilməsi barədə heç bir xəbər olmayıb.

Bundan sonra nə baş verə bilər?

Liman yaxınlığındakı plasdarm Ukrayna ordusu tərəfindən (indi və ya gələcəkdə) daha iddialı məqsədlərə çatmaq üçün istifadə edilə bilər: yayın ortasında itirilmiş Luqansk bölgəsinə hücum - Svatovo və Starobelsk və ya Rubejnoye və Severodonetsk istiqamətində.

Ukrayna Silahlı Qüvvələri üçün daha bir hədəf isə Rusiya ordusunu Volçansk şəhərindən və Velikiy Burluk kəndindən Rusiya-Ukrayna sərhədinə doğru sıxışdırmaqda davam etməkdir.

Rusiya komandanlığının yeganə ümidi odur ki, Ukrayna hücumu Çuqev bölgəsindəki bazalardan uzaqlaşdıqca zəifləyəcək, RF Müdafiə Nazirliyi isə İzyumdan çıxarılan qoşunlardan və  ehtiyatlardan istifadə edərək  Oskol və Severski Donets çayları üzərində möhkəm müdafiə yarada biləcək. Bunun üçün Rusiya nəyin bahasına olursa olsun Liman bölgəsində Ukraynanın əks-hücumunun genişlənməsini dayandırmalıdır.

Eyni zamanda, döyüş bölgəsində Rusiyanın hələ çox zəif nöqtələri var, məsələn, Ukraynanın Balakleya yaxınlığındakı sıçrayış yeri. Rusiyanın min kilometrlik təmas xətti üçün ön cəbhədə çox az qüvvəsi var, və Ukraynanın yayda yaratdığı ehtiyat qüvvələri tükənməyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ